QULİYEV Emin Ələkbər oğlu

RZAYEV Rövşən Abdulla oğlu
ƏLİYEV Vasili Əhməd oğlu
ƏSƏDOV Rəfael Əvəz oğlu

QULİYEV Emin Ələkbər oğlu (12.8.1976, Bakı ş. – 13.3.1995) – Azərbaycanın Milli Qəhrəmanı (4.4.1995, ölümündən sonra).

12 avqust 1976-cı ildə Bakının Qaradağ rayonunun Sahil qəsəbəsində doğulmuşdur. 1983-cü ildə 228 saylı orta məktəbə getmiş, 1993-cü ildə 273 saylı məktəbin onuncu sinfıni bitirmişdir. 25 avqust 1994-cü ildə Qaradağ rayon Hərbi Komissarlığı tərəfindən Milli Orduya çağırılmışdır. O, Yalamada hərbi təlim keçdikdən sonra 776 saylı hərbi hissəyə göndərilir.

O, idmanın bir neçə növü ilə məşğul olurdu. Bu da ona bütün döyüş tapşırıqlarını bacarıqla yerinə yetirməyə imkan verirdi.

E.Quliyevin xidmət etdiyi batalyonun əsgərləri 1995-ci ilin fevral ayının əvvəllərində Şubanıya ezam olundu. Təbii ki, onun əsgəri cəsurluğu, qorxmazlığı komandir heyətinin nəzərindən yayınmırdı. Artıq bu ərəfədə ölkədə siyasi sabitlik pozulmuşdu. Bir dəstə hakimiyyət hərisi dövlət çevrilişinə can atırdı. Bunun qarşısı vaxtında alınmasaydı, ölkə ağır fəlakətlərlə üzləşə bilərdi. 13 mart 1995-ci ildə çağırışlara tabe olmayan bu dəstə öz çirkin əməllərini həyata keçirmək üçün silahlı əməliyyata başladı. Eminin xidmət etdiyi alayın əsgərləri bu qarşıdurmanı yatırmaq üçün hadisə yerinə göndərildilər. Milli Ordunun əsgərləri hadisə yerinə çatanda silahlı toqquşma artıq başlamışdı. Emin cinayətkarlara qarşı aparılan əməliyyatda fəal iştirak edir, yaralıların döyüş meydanından çıxarılmasında əsl qəhrəmanlıq nümunəsi göstərirdi. Lakin güllələrdən biri ondan yan keçmədi. O, gözlərini əbədi yumdu.

Subay idi.

Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Quliyev Emin Ələkbər oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

Məzarı doğulduğu Sahil qəsəbəsindəki Şəhidlər Xiyabanındadır.

Bakının Qaradağ rayonunun Sahil qəsəbəsindəki 14 saylı xüsusi internat məktəbi, Qaradağ rayonunda bir küçə və park onun adını daşıyır.

Əd.: Vüqar Əsgərov “Azərbaycanın Milli Qəhrəmanları” (Yenidən işlənmiş II nəşr), Bakı, 2010, səh. 165