Əli Həsənov: AŞPA-da növbəti anti-Azərbaycan kampaniyasının başlanması təəccüblü deyil və təsadüfi xarakter daşımır

Prezidentin Mətbuat Xidmətinin məlumatı
Saat 12.00-dək respublika üzrə 1 milyon 457 min 776 seçici səs verib
Xocavənd sakinləri doğma yurda özünüməşğulluq proqramı çərçivəsində qurduqları kiçik biznesləri ilə qayıdacaqlar

Qərbdə Azərbaycana qarşı ardıcıl və məqsədyönlü şəkildə fəaliyyət göstərən dairələr, onların nəzarətində olan təşkilatlar və media ölkəmizdə keçirilən mühüm tədbirlər ərəfəsində daha da fəallaşır və ciddi-cəhdlə həm Azərbaycanı, həm də həmin tədbiri qaralamağa çalışırlar.

AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Facebook sosial şəbəkəsindəki səhifəsində AŞPA-nın Azərbaycanla bağlı “hesabat”ı haqqında statusunda bildirib.

Əli Həsənov yazır: “Məlumdur ki, 2018-ci il başlayandan Azərbaycan bir çox beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi edib, ölkənin həyatında mühüm əhəmiyyət kəsb edən hadisələr baş verib. Aprelin 11-də Azərbaycanda keçirilmiş prezident seçkiləri ekspertlərin tam əksəriyyəti tərəfindən cənab İlham Əliyevə etimad referendumu kimi dəyərləndirildi. Seçkilərdən sonra yeni hökumətin formalaşdırılması istiqamətində atılan addımlar cəmiyyət tərəfindən olduqca pozitiv qarşılandı. Biz ilk müsəlman demokratiyasının qurulmasının 100 illiyini qeyd edirik, azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırımının bir əsrlik tarixinə beynəlxalq platformalarda hüquqi-siyasi qiymət verilməsi üçün ciddi kampaniya təşkil olunub. Azərbaycanın liderliyi ilə həyata keçirilən “Cənub Qaz Dəhlizi” layihəsinin bəzi komponentləri üzərində işlər yekunlaşır və bir müddət sonra TANAP-ın açılışını qeyd edəcəyik. Mühüm geostrateji əhəmiyyətə malik nəqliyyat layihələrinin həyata keçirilməsi ilə bağlı çox əhəmiyyətli qərarlar qəbul olunub və bu istiqamət üzrə işlər uğurla davam etdirilir. Bu günlərdə isə Formula 1 yarışlarını izləyən dünya idmansevərləri həm də müasir Bakının möhtəşəmliyinə heyran qaldıqlarını gizlətmirlər.

Baxın! Bu tədbirlər 2018-ci ilin dörd ayında baş verib. Hələ qarşıda öz möhtəşəmliyi ilə dünya ictimaiyyətinin diqqətini ölkəmizə cəlb edəcək hadisələr var.

Bəs Ermənistanda nə baş verir?! Bu ölkədə Azərbaycanla eyni vaxtda keçirilmiş seçkilərdən sonra coşmuş ehtiraslar, xalq narazılığı səngimək bilmir. Erməni xalqı uzun illərdir onu istismar edən, beynəlxalq aləmdən, regionun siyasi və iqtisadi həyatından təcrid halına salmış, bütün maddi resurslarını mənimsəmiş Serj Sarkisyanı istefaya göndərsə də, sakitləşmir. Dünən baş nazir “seçilməsi” münasibətilə Sarkisyanı təbrik edənlərin, Ermənistana rifah arzulayanların bugünkü məyusluğunu başa düşürük.

Görünür, məhz bu mənzərə – bir tərəfdə güclü və öz inkişafını uğurla davam etdirən Azərbaycan, digər tərəfdə də siyasi kataklizmlər burulğanında çabalayan, sabaha heç bir ümidi olmayan Ermənistan reallığı xarici anti-Azərbaycan dairələri ciddi narahat edir. Əminəm ki, böyük maliyyə sərfiyyatı hesabına başa gələn “söyüş kampaniyası”nın səmərəsizliyi də onların yuxusunu ərşə çəkib.

Məhz belə bir məqamda anti-Azərbaycan fəaliyyəti dəfələrlə sübut edilmiş bəzi Qərb QHT-ləri və mediası tərəfindən irəli sürülən subyektiv mülahizələr əsasında AŞPA-da növbəti kampaniyanın başlanması heç də təəccüblü görünmür və təsadüfi xarakter daşımır. Qərbin bir sıra transmilli nəşrlərində xüsusi səhifələr alaraq “araşdırmalarını” dərc edən OCCRP şəbəkəsinin və onun arxasındakı qüvvələrin nə istədiyini anlayırıq.

Onlar qlobal miqyasda səs salan, iriölçülü siyasi xəritədə nəzərəçarpan kiçik bir dövlətin müstəqil siyasətini qəbul etmək istəmirlər. Keçmiş sovet periferiyasının – Azərbaycanın öz milli sərvətlərinə sahib çıxması, güclənməsi və beynəlxalq aktora çevrilməsi həmin dairələri məmnun etmir. Artıq daxildəki “5-ci kolon” vasitəsilə iğtişaşlar təşkil etmək, qarışıqlıq salmaq və Azərbaycanı fakt qarşısında qoymaq, onu güzəştə məcbur etmək mümkün deyil.

Azərbaycan Qərbin qonşu dövlətlərlə bağlı apardığı kampaniyaların, sanksiyaların heç birinə qoşulmur, öz ərazisindən bu və ya digər ölkəyə qarşı platsdarm kimi istifadə edilməsinə imkan vermir. Azərbaycan 1990-cı illərin “demokratiya dalğası”nı onun vasitəsilə cənuba və Mərkəzi Asiyaya ixrac təşəbbüslərinə də müsbət yanaşmamışdı, bu gün də Böyük Yaxın Şərq, yeni “şiə hilalı” kimi proyektlərdə də yer almır, dost Rusiya, İran və Türkiyə xalqları əleyhinə heç bir sazişdə iştirak etmir. Hərçənd, bununla bağlı yetərincə təşviq, təhrik və təzyiqlər olub və davam edir.

Azərbaycan xarici siyasət kursunu müstəqil şəkildə, öz milli maraqlarına uyğun müəyyənləşdirib həyata keçirir, beynəlxalq təşkilatların tribunalarında xalqın mövqeyi ifadə olunur. Bir sözlə, əhalisinin sayı 10 milyona çatmamış bir ölkə dünyanın hegemon qüvvələrinin təzyiqləri qarşısında dirəniş göstərir, öz xəttini yürüdür və beynəlxalq aləmdə etibarlı tərəfdaş, güvənilə bilən müttəfiq kimi böyük nüfuz və hörmət qazanıb.

İstənilən dövlətin xarici siyasətində milli mənafelər naminə diasporun və xaricdəki mənafe qruplarının gücündən istifadə etmək istiqaməti mühüm yer tutur. Lobbiçilik Qərb siyasətinin dünyaya tanıtdığı fəaliyyətdir. Qərb ölkələrinin bir çoxunda, məsələn ABŞ-da bu fəaliyyət qanunla tənzimlənir. ABŞ xaricdə həmin məqsədlər üçün ildə 200 milyard dollardan çox vəsait xərcləyir. Avropa İttifaqı “Şərq tərəfdaşlığı” proqramı da daxil olmaqla siyasət, təhsil, QHT sahəsinə aid layihələrə yüz milyonlarla avro sərf edir.

Azərbaycan da eyni yolu gedir, ölkəmizdə iqtisadi maraqları olan şirkət və qurumların, enerji və nəqliyyat dəhlizləri siyasətindən bəhrələnən dövlətlərin gücündən istifadə edir, ayrı-ayrı siyasətçilər, media strukturları, QHT-lər, parlament fraksiyaları ilə işləməyə can atır. Heydər Əliyev Fondu, AIDA xətti ilə mühüm layihələr həyata keçirilir, ölkənin imici naminə beynəlxalq tədbirlərə ev sahibliyi edilir. Azərbaycan beynəlxalq təşkilatlarla iş aparmamalıdırmı? Gələn qonaqlar ac yola salınmalıdırmı? Onlara ölkəmizin simvolu olan suvenirlərin təqdim edilməsində nə qəbahət var?

Ermənipərəst “People in Need”, eləcə də “Freedom House”, “Amnesty International” və “Human Rights Watch” kimi təşkilatların maliyyələşməsində xüsusi rolu olan “Carnegie Corporation”un rəhbərliyi erməni diasporunun nümayəndələrindən ibarətdir. Dövlət katibi olarkən öz kabinetini anti-Azərbaycan kampaniyaları üçün qərargaha çevirmiş Con Kerri də bu gün “Carnegie Corporation”da ekspert kimi çalışır. Nədən ermənilərin lobbi fəaliyyətinə Qərbdə “yaşıl işıq” yandırılmalı, Azərbaycan əleyhinə fəaliyyəti belə açıq şəkildə stimullaşdırılmalı, amma Azərbaycan dövlətinin özünü müdafiə etmək haqqı tanınmamalıdır?

Siyasi pərdəarxası xəbərlərin aktiv izləyiciləri yəqin ki, xatırlayırlar – Azərbaycan yenicə müstəqillik əldə etdiyi dövrdə Qərbin müxtəlif işbaz qurumları, biznesmenləri, siyasətçiləri ölkəmizlə işbirliyi qurmağa çalışır və beynəlxalq arenada onun PR-nı təşkil etmək üçün öz təkliflərini irəli sürürdülər. Əksər hallarda da təkliflərin arxasında Azərbaycanın milli sərvətlərindən pay qoparmaq cəhdi dayanırdı. Azərbaycanın milli sərvətlərini belə stereotip düşüncəsi olan, yeni “fəth edilmiş” keçmiş sovet əyalətinə qənimət arxasınca gedən “quldurlar”a verib onlarlamı işləməliydik?

Əgər Azərbaycan beynəlxalq arenada öz maraqlarını müdafiə etmək üçün fəal siyasi və iqtisadi qruplardan, sağlam düşüncəli nüfuzlu şəxslərdən istifadə edirsə, bunun nəyi pisdir? Bəs formalaşdırılmış lobbi Azərbaycan üçün hansı işləri görüb? Avropanın müxtəlif strukturlarının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı indiyədək qəbul etdiyi sənədlərin sadəcə sadalanması kifayət qədər yer və zaman alardı. Bu uğurda həm Azərbaycan diplomatiyasının, həm də diasporun böyük əməyi var. İlk dəfə belə sənədlər qəbul ediləndə o zaman AŞPA-dakı erməni nümayəndə heyəti və Ermənistan xarici siyasət idarəsinin uzun müddət hansı şok yaşadığını nə tez unutduq?

2013-cü ildə iflasa uğramış bədnam “Ştrasser layihəsi”nin şokunu yaşayanlar AŞPA-dakı “korrupsiya hesabatı”ndan sonra yenidən “siyasi məhbus” məsələsində qisasa və revanşa hazırlaşırlar. Bu, Azərbaycana, onun milli maraqlarına qarşı qurulmuş növbəti məkrli oyundur. Necə düşünürsünüz, dövlət öz mənafeyini qorumalı deyilmi?

Biz xarici anti-Azərbaycan dairələrin məqsədlərini başa düşürük, ancaq Azərbaycandan olan və bu kampaniyalara dəstək verənləri, o qarayaxmalarda yer alanları anlaya bilmirik. Həmişə erməni lobbisinin fəaliyyətini nümunə göstərərək Azərbaycanı öz gücünə iqtisadi lobbi, siyasi dəstək qrupları formalaşdırmamaqda ittiham edənlərin bugünkü əks-mövqeyini məntiqlə izah etmək mümkün deyil.

Biz ölkə daxilindəki opponentlərdən “niyə Azərbaycan lobbisi Avropa strukturlarında, Qərb dövlətlərinin parlamentlərində, beynəlxalq strukturlarda azdır?”, “niyə bu və ya digər Qərb ölkəsində ictimai rəyə təsiri olan qurum, QHT, düşüncə mərkəzi Azərbaycan lobbisinə çevrilməyib?” suallarını eşitmək istəyirik. Bunun qısa cavabı da var. Birincisi, lobbini yaratmaq kifayət qədər böyük zaman və gərgin fəaliyyət tələb edir. Cənab Prezidentin son təyinatlarının bu işi daha da sürətləndirəcəyinə heç bir şübhə yoxdur. İkincisi, bəzən diaspor və lobbi quruculuğuna dəstək göstərməli olan bəzi şəxslər, sadəcə, xəyanət yolu tutublar. Avropa Şurası yanında səfir postu kimi yüksək vəzifə tutan diplomat indi AŞPA və digər Avropa strukturlarına Azərbaycanın lobbi fəaliyyəti barədə gizli şikayət-donos göndərməsi haqda “qürurla” danışır. Çox mühüm səbəb budur – lobbi qurmalı olanlardan bəziləri bu işin önünü kəsmək üçün hətta xəyanəti belə göz önünə alıblar.

Lobbi quruculuğuna yardım edəcək bəzi diaspor nümayəndələri isə Qərbin formalaşdırdığı “iaşə müxalifəti”nə çevrilib və Azərbaycan dövlətinə qarşı erməni lobbisi ilə birlikdə mübarizə aparırlar. Həmin “iaşə müxalifəti” AŞPA-da ermənipərəst “People in Need” təşkilatının dinləmələrində canfəşanlıq edir.

Ancaq nə qədər acınacaqlı görünsə də, opponentlər bizi lobbinin zəifliyində deyil, ümumiyyətlə, lobbi fəaliyyətini təşkil etməkdə günahlandırırlar. Avropanın bəlli çevrələrindən bəhrələnən radikal müxalifətin xalqın heysiyyatına hesablanmış və XIX əsrə xas “vaveyla şəriət əldən getdi” tərzdə şüarı, hətta hansısa oteldə baş verən hadisəyə görə hakimiyyəti ittiham etməsi onların populizminin və primitivliyinin göstəricisidir. Əvvəla, Pedro Aqramuntun məlum açıqlaması bu iddialara çox tutarlı cavab oldu. Digər tərəfdən isə, bir müddət əvvəl “niyə otellərdə cütlüklərdən sənəd tələb olunur” deyənlərin bu gün tam əks fikir səsləndirməsi onların sadəcə manipulyasiya həvəskarı olduğunu təsdiq edir.

İndi sadə bir suala cavab istəyirəm: əgər hər hansı oteldə hansısa xoşagəlməz hadisə baş veribsə, kimsə kiməsə nə isə təklif edibsə, bunda hakimiyyəti ittiham etmək nə dərəcədə düzgündür?

Biz, bəzi ölkələrin nümunəsinə uyğun olaraq, opponentlərimizdən milli məsələlərdə sağlam düşüncə, obyektiv mövqe gözləyirik. Siz hakimiyyətə qarşı müxalif ola bilərsiniz, amma dövlət və xalqa qarşı müxalifətçilik heç bir dövrdə və heç bir xalqın tarixində təqdir olunmayıb.

Görünür, xarici dairələr hakimiyyət opponentlərinin xidmətlərindən yararlanmaqla Azərbaycan dövlətini gözdən salacaq ictimai narazılıq formalaşdırmağa can atırlar. Lakin əminliklə deyə bilərik ki, əvvəllər olduğu kimi, bu süni ajiotaj yaratmaq cəhdi də uğursuzluğa məhkumdur. Azərbaycan əməkdaşlığa, tərəfdaşlığa açıq ölkədir, lakin heç vaxt təzyiq, şantaj, təhdid siyasətini qəbul etməyib və etməyəcək. Buna görə də belə cılız kampaniyalarla Azərbaycanın beynəlxalq nüfuzuna xələl gətirmək cəhdinin iflasa uğrayacağı heç bir şübhə doğurmur”.