(23.1.1969, Bakı ş. – 29.10.1991, Xocalı r-nunun Xanabad k.) – Azərbaycanın Milli Qəhrəmanı (25.11.1992, ölümündən sonra).
23 yanvar 1969-cu ildə Bakı şəhərində doğulmuşdur. O, 1976-cı ildə 190 saylı Bakı şəhər orta məktəbinə getmiş, 1986-cı ildə onuncu sinfi əla qiymətlərlə bitirmişdir. Həmin il Krasnokutsk Mülki Aviasiya Məktəbinə daxil olmuş, 1991-ci ildə məktəbi fərqlənmə diplomu ilə bitirmişdir. Sonra Kiyev Ali Mülki Aviasiya İnstitutunun qiyabi şöbəsi… O, təyinatla Yevlax hava yollarında 2-ci pilot kimi fəaliyyətə başlayır.
Hikmət Muradov AN-2 təyyarəsi ilə dəfələrlə Dağlıq Qarabağa uçuşlar etmiş, Xocalıya aviasiya hissələrinin daşınmasında və müxtəlif ləvazimatların vaxtında çatdırılmasında böyük xidmətlər göstərmişdir. Qorxmaz təyyarəçi çətin vəziyyətlərdə təmkini və qətiyyəti ilə seçilirdi. Bu onun ən üstün cəhətlərindən idi.
1991-ci ilin 29 oktyabrında xüsusi tapşırıqla xidməti borcunu yerinə yetirərkən, Xocalı rayonunun Xanabad kəndi ərazisində onun idarə etdiyi AN-2 təyyarəsi şiddətli raket atəşi nəticəsində zədələnir. Ekipajı və sərnişinləri xilas etmək üçün təyyarəni təhlükəsiz yerə çatdırmağa çalışsa da, faciədən qaçmaq mümkün olmur…
Subay idi.
Azərbaycan Respublikası Prezidentinin 25 noyabr 1992-ci il tarixli 337 saylı fərmanı ilə Muradov Hikmət Oqtay oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Vaxtilə oxuduğu 190 saylı orta məktəbdə barelyefi vurulmuşdur.
Əd.: Vüqar Əsgərov “Azərbaycanın Milli Qəhrəmanları” (Yenidən işlənmiş II nəşr), Bakı, 2010, səh. 214
***
Yevlax avia dəstəsinin həkimi Hafiz Rüstəmovun dediklərindən:
“Mən Şəmkir rayonunun Çinarlı kəndində xəstəxananın baş həkimi işləyirdim. 1989-cu ildə vəziyyətlə əlaqədar olaraq iş yerimi Yevlax avia dəstəsinə dəyişdim. Fikirləşdim ki, bizə hərbi sahədə daha çox ehtiyac var. Elə Hikmətlə də orada tanış olmuşdum. Xasiyyətcə sakit, təmkinli olsa da, daxilən çox əsəbi insan idi. Hər dəfə Dağlıq Qarabağa uçuşlar edib gələndən sonra, günlərlə özünə gəlmirdi, elə hey orada yaşayan camaatın taleyini düşünürdü. Onun sonuncu uçuşu indiyə kimi yadımdadır. Elə bil ürəyinə dammışdı ki, bu onun sonuncu uçuşudur. Təyyarəyə minməmişdən öncə gəlib bütün kollektivlə görüşdü. Dedi, “doktor inşallah bu dəfə geri dönsəm, səninlə Şəmkirə gedib bir neçə gün orada qalıb, əməlli istirahət edərik”. Bu onun mənə son sözləri oldu.”
Əd.: “Xocalı yaddaşı”, Bakı, 2017, s. 128