
Türkiyənin Antalya şəhərində keçiriləcək BMT-nin iqlim konfransı (COP31) ərəfəsində oktyabrın 15-də Ankara İqlim Keçidi Forumu təşkil olunub.
AZƏRTAC Türkiyə mediasına istinadla xəbər verir ki, tədbirdə Avropa İttifaqının, BMT İnkişaf Proqramının nümayəndələri, bələdiyyələr, beynəlxalq maliyyə qurumları və alimlər iştirak edirlər. Forum COP31 Sədrliyinin icraya yönəlmiş konfrans keçirmək məqsədinə uyğun olaraq, Antalya üçün nəzərdə tutulan yerli iqlim fəaliyyəti təşəbbüslərini nümayiş etdirməyi hədəfləyir.
Türkiyə Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişmələri Nazirliyinin şöbə müdiri Halil Hasar tədbirin açılışında çıxış edərək bildirib ki, iqlim dəyişmələri ilə mübarizə kollektiv fəaliyyət tələb edir.
Erkən xəbərdarlıq sistemlərinin və məlumatların vacibliyini vurğulayan Hasar deyib: “Şəhərlərdən biri isti hava dalğası ilə üzləşdiyi halda, digəri yağış və daşqınlarla mübarizə aparır. Biz elə bir yeni dövrdə yaşayırıq ki, hətta normal hesab edilən şərtlər belə dəyişir”.
H. Hasar qeyd edib ki, 2024-cü il Türkiyədə qeydə alınan ən isti, 2025-ci il isə ən quraq il olub. O, uzunmüddətli yağıntı səviyyəsinin 28 faiz azaldığını bildirərək əlavə edib ki, bir gün ərzində hər kvadratmetrə 300 kiloqram yağış düşməsi adi yağıntı deyil, iqlim böhranının nəticəsidir.
Türkiyənin Antalyadakı konfransda pilot layihələr təqdim edəcəyini bildirən natiq qeyd edib: “Biz bu səyləri COP31 çərçivəsində, Antalyadakı pilot layihə vasitəsilə hər kəsə nümayiş etdirməyə çalışacağıq”.
COP31 iqlim konfransı 9-20 noyabr tarixlərində Türkiyənin Antalya şəhərində keçiriləcək. Tədbirə ətraf mühit, şəhərsalma və iqlim dəyişmələri naziri Murat Kurum sədrlik edəcək. BMT-nin məlumatına görə, konfrans dünyada qlobal temperaturun artımını 1,5 dərəcə Selsi ilə məhdudlaşdırmaq, həssas icmaların iqlim böhranının təsirlərinə uyğunlaşmasına kömək etmək və 2050-ci ilə qədər sıfır emissiyaya nail olmaq kimi tədbirlər barədə razılığa gəlmək üçün bir araya gəldiyi platformadır.
“Konfrans BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) üzv dövlətlərindən liderləri və müzakirəçiləri bir araya gətirəcək. Bununla yanaşı, biznes liderləri, gənclər, iqlimşünaslar, vətəndaş cəmiyyəti qlobal, kollektiv və inklüziv iqlim fəaliyyətini gücləndirmək üçün fikirlərini və ən yaxşı təcrübələrini bölüşəcəklər”, – deyə BMT-nin bəyanatında qeyd edilib.
AZƏRTAC