Əli Həsənov: Azərbaycana qarşı aparılan və əsassızlığı məhkəmə qərarı ilə sübuta yetirilən qarayaxma kampaniyasının təşkilatçıları və icraçıları ilə bağlı hüquqi prosedurlara başlamaq niyyətindəyik

Qarabağın “yaşıl enerji” zonasına çevrilməsi üçün konsepsiya və baş plan hazırlanır
Prezident İlham Əliyev Qubadlının işğaldan azad olunmasının ildönümü ilə bağlı paylaşım edib
Reza Deqati: Bütün imkanlardan istifadə edib, Azərbaycan reallıqlarını dünyaya çatdırmalıyıq

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Azərbaycanla korrupsiya əlaqələrində ittiham olunan AŞPA-da Avropa Xalq Partiyası deputatlar qrupunun sədri olmuş Luka Volonte barədə İtaliyanın Milan məhkəməsinin bəraət qərarını AZƏRTAC-a şərh edib.

Əli Həsənov bildirib ki, Milan məhkəməsinin 2018-ci il 13 fevral tarixli qərarı ötən ilin ortalarında məlum anti-Azərbaycan mərkəzlərin və şəbəkələrin sifarişi ilə Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Qarşı Jurnalistika Layihəsi (OCCRP) adlı qeyri-şəffaf və bəlli məqsədlər üçün yaradılmış qurum vasitəsilə yayılmış məlumatların əsassız, qərəzli olduğunu və Azərbaycanın sağlam beynəlxalq imicini ləkələmək məqsədi güddüyünü təsdiqlədi.

Qeyd edim ki, anti-Azərbaycan mərkəzlər və şəbəkələr bu kimi çoxsaylı feyk-məlumatlarla həm Azərbaycan dövlətini, həm də ölkəmizə dost münasibəti bəsləyən, onunla bağlı müsbət fikirlər bildirən tanınmış şəxsləri – ictimai-siyasi xadimləri, ekspertləri, jurnalistləri və s. hədəfə götürmək və qınaq obyektinə çevirmək istəyirdilər. Təsadüfi deyil ki, həmin vaxt OCCRP-nin “Azərbaycanın pulyuyan maşını” adlı qondarma materialı dünya mediasında sürətlə tirajlandı, məsələ ilə ayrı-ayrı ölkələrin rəsmi instansiyaları maraqlandı və orada adları keçən şəxslər, o cümlədən də guya Azərbaycandan 2 milyon 640 min dollar almış AŞPA-da Avropa Xalq Partiyası deputatlar qrupunun sədri olmuş Luka Volonte barədə xüsusi araşdırma başladıldı.

Xatırladım ki, həmin dövrdə də biz açıqlama yayaraq OCCRP-nin imzası ilə dövriyyəyə buraxılmış bu iddiaların qərəzli, əsassız, təxribat xarakteri daşıdığını və Azərbaycana qarşı bəlli dairələr tərəfindən təşkil edilmiş çirkin qarayaxma kampaniyasının tərkib hissəsi olduğunu bildirmişdik. Göründüyü kimi, Milan məhkəməsinin obyektiv araşdırması da bunu bilavasitə təsdiqlədi.

Əli Həsənov deyib ki, Azərbaycan hakimiyyəti dövlətin və onun tərəfdaşlarının imicini ləkələmək məqsədilə həyata keçirilən belə qarayaxma kampaniyasının təşkilatçıları və icraçıları haqqında kifayət qədər məlumatlıdır və yalnız Milan məhkəməsinin qərarı ilə kifayətlənmək niyyətində deyil. Biz bu çirkin əməldə əli olanlarla bağlı müvafiq qaydada hüquqi prosedurlara başlamaq niyyətindəyik. Məsələ ilə bağlı artıq Azərbaycanın aidiyyəti dövlət orqanlarına tapşırıqlar verilib. Hesab edirik ki, demokratiya və söz azadlığı pərdəsi altında gizlənərək beynəlxalq miqyasda ayrı-ayrı dövlətlərə, qurumlara, şəxslərə qarşı kampaniya təşkil edənlər bunun məsuliyyətini də dərk etməli və cavabdehlik daşımalıdırlar.