AVCİYA “Freedom House” təşkilatının rəhbərinin Azərbaycanda keçirilmiş Prezident seçkiləri ilə bağlı qərəzli mövqeyinə dair bəyanat verib

Ceyhun Bayramov BMT Baş Assambleyasının 76-ci sessiyası çərçivəsində ATƏT sədri ilə görüşüb
Gürcüstan mətbuatı Azərbaycanda keçirilən parlament seçkilərindən yazır
Əli Həsənov: Qarabağda erməni muxtariyyətinin yaradılması sonrakı erməni ərazi iddiaları üçün başlanğıc nöqtəsi oldu

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) “Freedom House” beynəlxalq hüquq müdafiəsi təşkilatının prezidenti Devid Kremerin Azərbaycan Respublikasında 9 oktyabr 2013-cü ildə keçirilmiş Prezident seçkiləri ilə bağlı qərəzli mövqeyinə dair bəyanat verib.

Trend-in Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasına istinadən verdiyi məlumata görə, AVCİYA Prezident seçkilərinin daha demokratik və şəffaf keçirilməsi, seçki praktikasının təkmilləşdirilməsinə yaxından kömək göstərmək məqsədilə bu ilin əvvəlindən başlayaraq ölkə üzrə geniş fəaliyyət proqramı həyata keçirib. Seçki öncəsi respublikadakı ictimai-siyasi mühit təhlil edilmiş, 12 qəzetin monitorinqi aparılaraq 6 bülleten nəşr edilmişdir. Assosiasiya seçki günü 118 DSK-nın 4813 məntəqəsində seçkiləri müşahidə etmiş, bu işin təşkili prosesində regionlarda 95 seminar keçirilmiş, 5 min tirajla “Müşahidəçilər üçün yaddaş” kitabçası nəşr edilib. 2013-cü il sentyabrın 15-də “Aralıq hesabat” ictimaiyyətə təqdim edilib.

AVCİYA Seçki Qərargahının üzvləri seçki ərəfəsi Avropa Şurası və ATƏT- in Bakı ofisi ilə əməkdaşlıq edib, Avropa Şurası və ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun beynəlxalq müşahidə missiyaları ilə Bakıda və regionlarda 6 görüş keçirib, geniş fikir mübadilələri aparıblar. Prezident seçkisindən bir gün əvvəl ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun dəvətilə beynəlxalq müşahidə missiyası ilə görüşdə iştirak edən AVCİYA nümayəndəsi həmin qurumun aralıq hesabatlarında yer almış əsassız iddiaları faktlarla təkzib edib. Təşviqat kampaniyasının Fransada 22 gün, İspaniyada 15 gün və digər Avropa ölkələrinin əksəriyyətində də bu cür olduğu halda Azərbaycanda seçki təşviqat kampaniyasının 23 gün olmasının tənqid olunması heç bir məntiqə uyğun gəlmir.

Prezident seçkilərindən dərhal sonra dünyanın aparıcı dövlət başçılarının seçkilərdə qazandığı parlaq qələbə münasibətilə Azərbaycan Respublikası Prezidentini təbrik etdiyi bir vaxtda, təəssüf ki, “Freedom House” beynəlxalq hüquq müdafiəsi təşkilatının prezidenti D.Kremer ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun açıqladığı qərəzli yanaşmaya oxşar, heç bir sağlam məntiqə uyğun olmayan mövqe ortaya qoymuşdur. Onun Avropa İttifaqından Azərbaycan rəsmilərinə qarşı sanksiyalar tətbiq etməyi, viza rejiminin sadələşdirilməsinə dair danışıqları dayandırmağı tələb etməsi isə beynəlxalq hüquq normalarının kobud surətdə pozulması kimi qiymətləndirməlidir. Bütün bunlar “Freedom House” beynəlxalq hüquq müdafiəsi təşkilatının Azərbaycan hakimiyyətinə qarşı qərəzli mövqe tutmaqda davam etdiyini göstərir.

AVCİYA Azərbaycanda seçkilərin beynəlxalq standartlara uyğun olaraq, şəffaf və ədalətli keçdiyini, seçki mühitinin əvvəlki illərlə müqayisədə daha stabil, konstruktiv, demokratik olduğunu bəyan edir və “Freedom House” beynəlxalq hüquq müdafiəsi təşkilatının prezidenti D.Kremerin seçkilərlə bağlı qərəzli mövqeyini kəskin şəkildə pisləyir.

/ Trend, müxbir S.Əhmədova/