AVCİYA-nın Zaqatala nümayəndəliyində 150 müşahidəçi qeydə alınıb

Azərbaycan Respublikasında 23 dekabr 2009 – cu il tarixdə keçiriləcək bələdiyyə seçkilərinin Uzunmüddətli Müşahidəsinin nəticələrinə dair ARALIQ HESABAT
Beynəlxalq ictimaiyyətin diqqəti Ermənistanın işğalı altında olan Sərsəng su anbarı ətrafında yaranmış təhlükəli vəziyyətə yönəldilir
AVCİYA regionlarda müşahidəçilərlə treninqləri başa vurdu

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) noyabrın 7-də keçiriləcək parlament seçkiləri ilə bağlı müşahidə missiyasını həyata keçirəcək. Bu işin uğurla aparılması üçün AVCİYA-nın Seçki Qərargahı hazırlıq işlərinə mart ayından başlayıb. Zaqatala regional nümayəndəliyi də əhatə etdiyi rayonlarda müvafiq hazırlıq işlərini yekunlaşdırıb. AVCİYA Seçki Qərargahının Zaqatala Regional Nümayəndəliyinin rəhbəri Asif Bayramovla seçki hazırlıqlarına aid görülən işlər barədə müsahibəni oxuculara təqdim edirik.
– Asif müəllim, ilkin olaraq regional nümayəndəliyin fəaliyyəti barədə məlumat verərdiniz?
– İyul ayındın etibarən Zaqatala regional nümayəndəliyi öz fəaliyyətini əsasən seçkilərə istiqamətləndirib. Bilirsiniz ki, AVCİYA Seçki Qərargahının parlament seçkiləri ilə əlaqədar regional nümayəndəliklərin işinin yenidən qurulması ilə bağlı qərarı oldu. Bu qərardan sonra biz də öz fəaliyyətimizi genişləndirməyə, işimizi yenidən qurmağa başladıq. Regional nümayəndəliyimizə Qax, Zaqatala, Balakən rayonları daxildir. Hazırlıq işləri eyni zamanda bu rayonların hər birində həyata keçirilir.
– Müşahidəçilərin hazırlığı prosesləri başa çatıbmı?
– Parlament seçkilərinə hazırlıq məqsədilə müşahidəçilərin toplanması işi başa çatıb. Onların seçki günü məntəqələrdə müşahidə aparmaları üçün qanunla müəyyən olunmuş qaydada qeydiyyat məslələri həll edilib. Bundan əlavə onların sənədləri, eləcə də, vəsiqələri hazırlanaraq özlərinə çatdırılıb. Qeyd edim ki, buna qədərki mərhələdə – müşahidəçilər toplandıqdan sonra onların arasında seçim aparıldı. Həmçinin AVCİYA Seçki Qərargahı tərəfindən regional nümayəndəliyə daxil olan rayonların müşahidəçilərinə təlimlər keçirildi. Bu təlimlərdə onlara seçki günü müşahidə prosesində hansı addımların atılması, sənədlərlə iş bacarığı, hüquq pozuntularına qanunla müəyyən olunmuş qaydada münasibət bildrmək və digər seçkilərə aid məsələlər barədə geniş məlumat verilib. Hər bir müşahidəçiyə AVCİYA Seçki Qərargahının hazırladığı “ Müşahidəçilər üçün yaddaş” kitabı təqdim olunub. Artıq Zaqatala rayonu üzrə 65, Qax rayonu üzrə 45, Balakən rayonu üzrə isə 40 nəfər müşahidəçimiz qeydiyyatdan keçib. Hər bir müşahidəçinin də vəsiqələri özlərinə təqdim olunub. Hazırda regional nümayəndəlik tərəfindən seçki öncəsi monitorinq aparılır.
– Müşahidəçilərin seçimi hansı kriteriyalar üzrə aparılıb?
– Müşahidəçilərin seçimi Seçki Qərargahı tərəfindən bizə tövsiyə olunan qaydada həyata keçirilir. Müşahidə prosesinə bitərəf, yəni partiyalılığı olmayan insanları cəlb etmişik. Çünki partiya mənsubiyyəti olan insanlar seçki günü aparılacaq müşahidə prosesində təmsil etdiyi partiyanın maraqlarını müdafiə edə bilər. Müşahidəçilərin seçimi zamanı bu insanların əvvəlki seçki illərində mövcud təcrübəsi nəzərə alınır. Çünki bu insanlar 2005-ci ildəki parlament seçkilərindən indiyədək keçirilən seçkilərdə müşahidəçilik sahəsində kifayət qədər təcrübə qazanıblar. Eyni zamanda ali təhsilli insanlara üstünlük verilir. Yeni müşahidəçilər işə cəlb olunanda isə onların bu sahədəki təcrübəsi, dünyagörüşü, seçkilərə marağı və s. əsas götürülür. Hazırda bizim müşahidəçilərin arasında həkimlər, müəllimlər və digər müxtəlif sahələrin təmsilçiləri var.
– Seçki proseslərinə kompleks yanaşsaq, nümayəndəliyinizə daxil olan rayonlarda seçici fəallığı hansı səviyyədədir?
– Bir müddət əvvəl seçkilərlə bağlı fəallıq bir o qədər hiss edilmirdi. Lakin namizədlərin təbliğat və təşviqat kampaniyasına start verildikdən sonra əhali arasında seçkilərə maraq artıb. Hiss olunur ki, onlar daim namizədlərin çıxışlarına diqqət yetirir və seçim aparırlar. Bir məqamı da vurğulayım ki, əvvəlki seçkilərdən fərqli olaraq indi sıravi vətəndaşlar namizədlərin təqdim etdiyi platformaları daha çox saf-çürük edir və fəal müzakirələr aparırlar.
– Seçki öncəsi regionda beynəlxalq təşkilatların nümayəndələrinin fəaliyyəti nəzərə çarpırmı?
– Avqust ayında Böyük Britaniyanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfirinin siyasi məsələlər üzrə katibi Katrin Klevin Zaqatala regionuna səfəri zamanı AVCİYA-nın regional ofisində görüş keçirildi. Görüşdə regionun ictimai siyasi vəziyyəti, konkret olaraq insan haqları, o cümlədən azsaylı xalqların hüquqları, dini qurumlar və parlament seçkilərinə hazırlığın vəziyyəti müzakirə olundu. Sadaladığım məsələlər barədə xarici qonaqlara ətraflı məlumat verildi. Eyni zamanda diplomatik korpusun təmsilçilərinə AVCİYA Seçki Qərargahının parlament seçkilərinə hazırlıqla bağlı iyun və avqust aylarında təşkil etdiyi iki tədbir barədə ətraflı məlumat verdim. Görüləcək işlər barədə də onları məlumatlandırdım. Görüşdə həmçinin AVCİYA-nın seçki müşahidəçiləri və koordinatorları arasında azsaylı xalqların nümayəndələrinin də olması, onların da treninqlərdə fəal iştirakı qonaqların diqqətinə çatdırıldı. Görüşdən sonra səfirlik AVCİYA-nın Zaqatala nümayəndəliyinin rəhbərini Bakıda təşkil etdiyi ziyafətə dəvət etdi. 2005-ci ildə keçirilən parlament seçkiləri öncəsi isə ABŞ səfirliyi nümayəndələrinin regionumuza səfəri olub. AVCİYA-nın təmsilçisi kimi onlarla da görüşmüş, fəaliyyətimiz haqqında geniş məlumat vermişdik.