AVCİYA “Sərsəngə yürüş” adlı aksiya həyata keçirib

Avropa İttifaqı: Dağlıq Qarabağ münaqişəsi diqqətimizdədir
Qarabağ müharibəsində itkin düşmüş şəxslərin xatirəsinə qoyulmuş abidənin açılışı olub
“The Washington Times”da Azərbaycan səfirinin Kəlbəcərin işğalı ilə əlaqədar məqaləsi dərc edilib

10 dekabr “Beynəlxalq İnsan Hüquqları Günü” münasibətilə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA), İnsan hüquqları XXI əsr Azərbaycan Fondu və İnsan Hüquqlarına dair Beynəlxalq Standartların Təsbiti üzrə birgə işçi qrupu “Sərsəng harayı” layihəsi çərçivəsində “Sərsəngə yürüş” adlı aksiya təşkil ediblər. Aksiya çərçivəsində İran, Sudan, İordaniyanın Azərbaycandakı səfirliklərinin nümayəndələri və jurnalistlər də Tərtər rayonuna səfər ediblər.
Səfər zamanı ilk olaraq Tərtər rayon Gənclər Mərkəzində yerli icra hakimiyyəti, vətəndaş cəmiyyətinin nümayəndələri və rayon sakinlərinin iştirakilə görüş keçirilib. Tədbirdə çıxış edən Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Sərsəng su anbarının erməni işğalı altında olması nəticəsində Tərtərin və digər ətraf rayonların kənd təsərrüfatına dəyən ziyandan və həmin rayonun əhalisi üçün yaranan təhlükələrdən danışıb. Onun sözlərinə görə, Tərtər və ətraf rayonlar üçün həm içməli, həm də təsərrüfat üçün istifadə edilən suyun əsas mənbəyi Sərsəng və Madagez su anbarlarıdır: “Qeyd edilən su anbarlarının düşmən əlində olması rayonun su təchizatında ciddi problemlər yaradır. Tərtər rayonunun böyük əksəriyyəti əkinçilik və heyvandarlıq, xüsusilə də taxılçılıqla məşğul olur. Taxılçılıq üçün də müəyyən suvarma vaxtı var. Lakin həmin dövrdə ermənilər Sərsəng su anbarından suyu vermirlər ki, bu da məhsuldarlığın aşağı düşməsinə səbəb olur. Məhsuldarlığın aşağı düşməsi nəticə etibarı ilə əhalinin sosial-iqtisadi durumuna mənfi təsir göstərir”.
İcra başçısı onu da əlavə edib ki, hazırda Tərtər rayonunda su çatışmazlığı səbəbindən 9 min hektar əkinəyararlı torpaq sahəsindən istifadə etmək mümkün deyil.Bu da rayonda kənd təsərrüfatının inkişafınagetdikcə mənfi təsir göstərir. M.Məmmədov həmçinin tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, Sərsəng su anbarı ötən əsrin 70-ci illərində istifadəyə verilib: “Ötən 40 ildən artıq müddət ərzində su anbarına heç bir texniki xidmət göstərilməyib ki, bu da əlavə olaraq Tərtər və ətraf rayonlar üçün təhlükə mənbəyinə çevrilib. Çünki, həmin əraziləri işğal edən ermənilərin bu su anbarına texniki xidmət göstərmək üçün heç bir maliyyəsi yoxdur.
Eyni zamanda suyun olmaması meşə sahələri üçün də ciddi problemlər yaradır, fauna və floranın məhv olmasına gətirib çıxarır. Təsəvvür edin ki, Tərtər rayonu ərazisində olan 529 hektar təbii meşələr məhvolma təhlükəsi ilə üz-üzə qalıb”.
İcra başçısı beynəlxalq ictimaiyyəti bu məsələyə daha ciddi yanaşmağa və problemin həlli istiqamətində səylər göstərməyə çağırıb.
Sudanın Azərbaycandakı səfirinin əvəzedicisi Muhammad Elballa Osman problemin mövcudluğundan təəssüfləndiyini və bunu öz ölkəsinin QHT-ləri qarşısında qaldıracağını bildirib. Onun sözlərinə görə, biz ölkəmizdəki vətəndaş cəmiyyəti institutları ilə yanaşı, başqa təzyiq qrupları vasitəsilə problemi beynəlxalq təşkilatlar qarşısında qaldırmağa nail olmalıyıq.
İranın Azərbaycandakı Mədəniyyət Mərkəzinin rəhbəri Seyid İbrahim İbrahimi isə qeyd edib ki, həmişə müharibələr zamanı içməli sudan silah kimi istifadə edirlər. Onun sözlərinə görə, ermənilərin Sərsəng su anbarından azərbaycanlılara su verməməsi beynəlxalq hüquq normalarının pozulması deməkdir: “Biz İran dövləti olaraq bunu qınayırıq, pisləyirik. Bu hərəkət miqyasına görə 20 Yanvar faciəsi və Xocalı soyqırımından heç nəyi ilə fərqlənmir. Hesab edirəm ki, suyun Ermənistan tərəfindən verilməməsi bir sanksiyadır və bundan Tərtər rayon əhalisi çox əziyyət çəkir. Biz bu vəziyyəti İran dövlətinə çatdıracağıq. Beynəlxalq təşkilatların, digər dünya dövlətlərinin guya Qarabağ problemi və ya Tərtərdə olan vəziyyət barədə məlumatları yoxdur? Əlbəttə ki, var. Ancaq məsələni qaldırmaq istəmirlər”.
İ.İbrahimi əlavə edib ki, əgər su olmaması səbəbindən Tərtərdə 5 yaşlı uşaq şəkər xəstəliyinə tutulursa, bu Xocalıda törədilən soyqırımdan daha faciəlidir: “Bu kişilikdən deyil. Müharibə aparanda da kişi kimi aparmaq lazımdır”.
AVCİYA-nın vitse-prezidenti Vəli Əlibəyov problemin həllinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, bu tədbirə bütün diplomatik korpuslar dəvət edilib, onlardan 6-sı razılıq versə də, son anda 3-ü qatılmaqdan imtina edib. Tədbirimizə qatılan müsəlman ölkələrinin təmsilçiləri olduğundan monitorinqlərimiz zamanı yerli əhalinin bizə ürək ağrısı ilə dediyi bir sözü də onların xüsusilə diqqətinə çatdırmaq istəyirəm. Onlar deyirdilər ki, biz bəzən ölülərimizi yumağa da su tapa bilmirik… Bax, problem artıq bu qədər dərinə işləyib.
Layihənin koordinatoru Samir İsayev isə qeyd edib ki, Sərsəng su anbarından suyun verilməməsi Tərtərdə və digər rayonlarda “Qırmızı Kitab”a düşmüş 33 bitki, 34 heyvan növünü məhv olma təhlükəsi ilə qarşı-qarşıya qoyur. S.İsayev problemin getdikcə daha da ciddiləşdiyini və geniş fəsadlar törətdiyini diqqətə çatdıraraq, beynəlxalq ictimaiyyəti ikili standartlara son qoymağa, problemin həllinə diqqət yetirməyə çağırıb.
Daha sonra tədbir iştirakçılarına Tərtərçay hidroqovşağı idarəsinin rəisi Böyükkişi Cümşüdov Sərsəng su bəndinin işğalının Tərtər rayonunun su təchizatına təsiri barədə məlumat verib.
Sonda iştirakçılar Tərtər rayonun İbrahimbəyli və Evoğlu kəndlərinə səfər edərək susuzluqdan əziyyət çəkən yerli sakinlər və fermerlərlə söhbət ediblər.
AVCİYA-nın mətbuat xidməti