Vətəndaş cəmiyyəti və bələdiyyələr

Mərkəzi Bank yaxın günlərdə əmanətlərin sığortalanması ilə bağlı qərarını açıqlayacaq
Saat 14.00-dək elektron səsvermədə 12 400 nəfər iştirak edib
Beynəlxalq Sülh Günü münasibətilə “Bəşəriyyətə sülh lazımdır” mövzusunda videokonfrans keçirilib

Bu günlərdə Azərbaycan bələdiyyə sistemi fəaliyyətinin 11-illiyini qeyd edir. İlk baxışda bu müddət az görünsə də, müstəqilliyinin 20-ci illinə qədəm qoyan ölkəmiz üçün böyük rəqəm hesab edilə bilər. Təhlillər göstərir ki, ötən dövr ərzində bələdiyyələrimiz hər vəchlə seçicilərinin etimadını doğrultmağa çalışmış və bu istiqamətdə azda olsa iş görə bilmişlər. Qeyd etməliyik ki, sonuncu bələdiyyə seçkilərindən sonra 1718 bələdiyyəyə seçilmiş 16 min nəfərə yaxın üzvlərin hamısı yerlərdə müəyyən nüfuz sahibidirlər. On bir illik fəaliyyətə qısa bir nəzər salsaq görərik ki, bələdiyyə qanunvericiliyinə aid olan qanunlar Milli Məclis tərəfindən təsdiq edilərək yerli orqanların sərəncamına verilmiş, onların qarşılaşdığı problemlərin həlli istiqamətində həm yerli orqanlar, həm icra strukturları, həm də vətəndaş cəmiyyətinin təmsilçiləri tərəfindən bir sıra addımlar atılmışdır. Lakin təhlillər göstərir ki, bələdiyyələr bu gün cəmiyyət üzvləri tərəfindən daim tənqid hədəfindədirlər. Bəs bələdiyyələrin mütəmadi olaraq tənqid atəşinə tutulması, belə demək mümkündürsə onların reytinqinin aşağı düşməsi nə ilə bağlıdır?
İlk növbədə qeyd edilməlidir ki, sonuncu bələdiyyə seçkilərində bu orqanlara gənclərin və qadınların maraq göstərmələri diqqəti çəksə də, ilk iki çağırış bələdiyyə seçkilərində yerliözünüidarəetmə orqanlarına cəmiyyətin marağı daha ciddi görünürdü. Həmin dövrdə seçki prosesinə qatılan namizədlərin tərkibi də xeyli fərqlənirdi. Bu isə cəmiyətin idarəçiliklə bağlı islahatların aparılmasına olan ümidlər idi desək, yəqin ki, yanılmarıq. Belə ki, cəmiyət bu sahədəki problemlərin həllini yeni institutun yaradılmasında görürdü. Lakin institut yaradılsa da, onun fəaliyyəti üçün məlum rıçaqlar verilməmiş qaldı. Bir tərəfdən maliyyə istiqamətləri verildi, digər tərəfdən onun icrası müvafiq icra strukturları tərəfindən məhdudlaşdırıldı. Qanunlar qəbul edilsədə, boşluqlar aradan qaldırılmadı. Torpaqlar cizgilərlərlə də olsa verildi, lakin onun sərəncam vermək hüququ başqa istiqamətə dəyişdirildi. Hərrac komissiyası yaradılıdı, ancaq onun təmsilçiliyindəki balans pozuldu. Qanunlar qəbul edildi, onun icra mexanizmləri ləng hazırlandı. Qeyd edilməlidir ki, torpaqların hərrac və müsabiqə yolu ilə satışı, habelə hərrac komissiyalarının təşkili üç ayda həll edilməli olduğu halda, prosesin 7 ay davam etməsi yerli büdcə gəlirlərinə də ciddi təsir etdi. Nəticə etibari ilə bələdiyyə sisteminin fəaliyyəti bu gün demək olar kritik həddə çatmışdır. Sonda bələdiyyələrin büdcə gəlirləri 2007-ci illə müqayisədə ötən il bir dəfəyə yaxın azalmış, əməkhaqqlarının verilməsində ciddi problemlər yaranmış, yerli orqanların müvafiq sturkturlara külli miqdarda vergi borcları yaranmışdır. Bu gün bələdiyyə sistemi 11 illik yubileyini məhz sadaladığımız problemlərlə qeyd etmək məcburiyyətində qalmışdır.
Bələdiyyə sisteminin inkişafı ilə bağlı son iki ildə dövlət və qanunverici orqanlar tərəfindən atılan addımları müsbət dəyərləndiririk. İstənilən halda atılan addımlar bu sistemin inkişafına yönələn addımlardır. Prosesdə diqqəti daha çox çəkən bələdiyyələrin birləşdirilməsi oldu. Ancaq hazırkı rəqəmin özü də ölkəmiz üçün yüksəkdir. Bu gün bələdiyyələrin sayının 400-500 civarında olması, habelə iri şəhərlərdə bir bələdiyyənin formalaşdırılması daha məqsədə uyğun hesab edilə bilər. Bu gün “Böyük şəhər bələdiyyəsi” haqqında qanun layihəsi yerli orqanların müzakirəsinə verilib. Lakin layihənin ciddi müzakirəyə və işlənməsinə ehtiyac var. Belə ki, qanunda bir çox məqamlara aydınlıq gətirilmir, böyük şəhər bələdiyyəsində konkret əhalinin sayı göstərilməyib, preambulada heç bir anlayışa izah verilməyib.
Beləliklə, bələdiyyə sisteminin qarşılaşdığı problemləri aradan qaldırmaq üçün hansı addımların atılması məqsədə uyğun hesab edilə bilər:
1. Bələdiyyələrin cəmiyyətdə nüfuzunu artırmaq üçün bu qurumların səlahiyyətləri konkretləşdirilməlidir. Bu gün prosesləri tənzimləmək üçün ilk növbədə icra stukturları və bələdiyyələrin səlahiyyət bölgüsünü özündə ehtiva edən qanunun qəbuluna ehtiyac vardır. Belə ki, 11 illik fəaliyyəti ərzində icra strukturları tərəfindən bələdiyyələrin fəaliyyətinə ciddi maneələr olmuşdur. Həm bir sıra icra hakimiyyətinin başçıları tərəfindən bələdiyyələrin səlahiyyətlərini məhdudlaşdıran sərəncamların imzalanması, həm də bələdiyyələrdə qanunsuz yoxlamalrın təşkili yuxarıda deyilən fikri bir daha təsdiq edir.
2. Vətəndaş cəmiyyəti təmsilçilərinin iştirakı ilə Respublika Bələdiyyə Şurasının da yaradılmasını uğurlu addım hesab etmək olar. Bu qurumun fəaliyyəti həm yerli orqanların problemlərinin həllinə, həmdə proseslərə ictimai nəzarətin artırılmasına səbəb olacaq. 2007-ci ildən fəaliyyətdə olan Azərbaycan Şəhər, Qəsəbə və Kənd Bələdiyyə Assosiasiyalarının da bu işdə mühüm rolu vardır. Belə ki, adıçəkilən assosiasiyaların geniş informasiya bankına malik olması, bələdiyyələrlə sivil əlaqələrin quruması buna imkan verir.
3. Bələdiyyələrin fəaliyyətini tənzimləyən qanunların təkmilləşdirilməsi də mühüm addımlardan sayılmalıdır. Bu arada qeyd edək ki, əmlak vergisi ilə bağlı məqamların həlli, qanunsuz zəbt edilmiş və ya inşa edilmiş əmlakın sənədləşdirlməsinə “yaşıl” işığın yandırılması nəticə etibarilə yerli büdcənin doldurulmasına şərait yaradacaq. Həmçinin regionlarda içməli su probleminin həllinin birbaşa yerli orqanın səlahiyyətinə qanunvericilik qaydasında aid edilməsi də bələdiyyələrin məsuliyyət yükünü artıracaq. Bununla yanaşı hökumətin yerlərdə işsizliyin aradan qaldırılması, içməli su təhcizatı, fermerlərə subsidiyaların ayrılması ilə baglı və digər proseslərini məhz yerli orqanlar iştirakı ilə həyata keçirə bilər. Habelə iri rayon mərkəzlərində kommunal xidmətlərin göstərilməsini də bələdiyyələrə həvalə etməyin vaxtı çatıb. Məhz bu proseslə bağlı artıq bir çox bələdiyyələr təcrübə toplamışlar. Ümumi bələdiyyələrin 20%-nədək hissəsi demək olar ki, belə bir struktur formalaşdırmağa nail olub. Bu məsələ ilə bağlı ən başlıca məqam bir çox inkişaf etmiş ölkələrin qabaqcıl təcrübəsindən yararlanmaqdır. Yəni dövlət proqramlarının həyata keçirilməsi ilə əlaqədar konkret layihələrin icrası yerli orqanlara həvalə edilə bilər. Polşada, İsveçdə və Baltikyanı ökələrdə yerli büdcənin 35-55% məhz dövlətin layihələrə ayırdığı vəsaitlər təşkil edir.
4. Bələdiyyələrin fəaliyyətinə müxtəlif müdaxilələrin aradan qaldırılması, bu orqanların səmərəli iş əmsalının artırmaq məqsədilə Ədliyyə Nazirliyinin Bələdiyyələr İş mərkəzinin statusunun artırılmasına ehtiyac var. Bu orqan vasitəsilə daha geniş şəkildə yerli orqanlara metodoloji və hüqüqi yardımın göstərilməsini həyata keçirmək olar.
Beləliklə, biz bələdiyyələrə əlavə səlahiyyət və maliyyə istiqamətləri ayırmaqla, habelə bu orqanların qarşılaşdığı problemləri həll etməklə onun nüfuzunun artırılmasına təkan verər və ölkəmizdə yerli özünüidarəetmənin inkişafına, həmdə əksmərkəzləməyə doğru addım atmış olarıq. Nəticədə həm seçici, həm demkratik cəmiyyətin bütün iştirakçıları qazanar.
Son olaraq qeyd edək ki, bələdiyyələrin inkişafı ölkədə həyata keçirilən demokrtik proseslərin daha da sürətlə aparılmasına təkan verdiyindən, ölkəmizin ictimai siyasi həyatında mühüm hadisələrlərdən olan yerli orqanların fəaliyyəti üçün mühüm addımların atılmasının vaxtı çatmışdır. Ümid etmək olar ki, hökumətin və Milli Məclisin yeni tərkibi yerli orqanların fəaliyyətinin daim diqqət mərkəzində saxlayacaq və bu orqanların problemlərinin həllinə yardımçı olacaqlar.

Vüqar Tofiqli 
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının eksperti