AVCİYA seçkilərlə bağlı bəyanatla çıxış etdi

“Molla Nəsrəddin”in Təbrizdə nəşr edilən sayları yenidən işiq üzü görüb
“Mühacirət irsimizdən: Məhəmmədəmin Rəsulzadənin otuz məktubu” kitabı təqdim edildi
AVCİYA cəbhə xəttində baş verənlərlə bağlı bəyanat yayıb

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Milli Məclisə 7 noyabr 2010-cu il tarixdə keçirilmiş seckilərlə əlaqədar bəyanat qəbul edib. Bəyanatda əvvəlcə AVCİYA-nın parlament seçkiləri ilə əlaqədar həyata keçirdiyi geniş tədbirlər planına qısa ekskurs olunub. Qeyd edilib ki, assosiasiya Milli Məclisə seçkilərin daha demokratik və şəffaf keçirilməsi, seçki praktikasının təkmilləşdirilməsinə yaxından kömək göstərmək məqsədilə 106 dairənin 4400 məntəqəsində seçkiləri müşahidə etmişdir. Bu işin təşkili prosesində regionlarda 43 təlimçinin iştirakı ilə 73 seminar keçirilmiş, 5 min tirajla “Müşahidəçilər üçün yaddaş” kitabçası nəşr edilərək paylanmışdır.
02 noyabr 2010-cu il tarixdə “Aralıq hesabat” ictimaiyyətə təqdim edilmişdir (Hesabat və digər nəşrlərlə www.avciya.az saytında tanış olmaq olar).
AVCİYA Seçki Qərargahının üzvləri seçki ərəfəsi Avropa İttifaqı, Avropa Şurası və ATƏT-in Bakı ofisi ilə əməkdaşlıq etmiş, beynəlxalq müşahidə missiyaları ilə görüşlər keçirmiş, geniş fikir mübadilələri aparmışlar.
Bəyanatın bundan sonrakı hissəsi seçki günü prosesləri ilə bağlıdır. Sənəddən bəlli olur ki, seçki günü səsvermənin gedişi, seçicilərin səsvermədə iştirakı ilə bağlı ilkin məlumatlar gün ərzində 5 dəfə (saat 10-30, 12-00, 15-00, 17-00 və 19-00-da) AVCİYA Seçki Qərargahında fəaliyyət göstərən operatorlar tərəfindən toplanılıb, ictimaiyyətə təqdim edilmişdir. Bundan başqa assosiasiya seçki günü saat 21-00-da seçkinin nəticələri ilə bağlı özünün ilkin məlumatını ictimaiyyətə çatdırıb. Noyabrın 20-sində isə bütövlükdə seçki prosesini əhatə edəcək yekun hesabat ictimaiyyətə təqdim olunacaq.
Seçki günü baş verən pozitiv və neqativ amillər də bəyanatda öz əksini tapmışdır: “Seçki günü ölkə üzrə bir sıra məntəqələrdə müşahidəçilərin qeydiyyatdan keçməsi, səsvermə və səslərin sayılması prosesində bəzi qanun pozuntuları müşahidə olunmuşdur. Bundan başqa bəzi məntəqələrdə müşahidəçilər üçün ayrılmış yerlərin düzgün seçilməməsi də müşahidənin aparılmasına müəyyən çətinliklər yaratmışdır. Bu cür bir sıra faktlarla əlaqədar AVCİYA hüquqşünasları müvafiq tədbirlər həyta keçirirlər. Lakin qeydə alınmış bu qanun pozuntuları cox az sayda məntəqələri əhatə etdiyindən seçkinin nəticələrinə ciddi təsir etmək dərəcəsində olmamışdır”.
Bəyanatda artıq başa çatmış seçkilərin ölkəmizin inkişafında mühüm bir mərhələ olduğu, Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərə əməl etdiyi də xüsusi vurğulanır: “Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Milli Məclisə 7 noyabr 2010-cu il tarixdə keçirilmiş seckilərin Azərbaycan Respublikasının Avropa Şurası qarşısında götürdüyü öhdəliklərə uyğun olaraq şəffaf və ədalətli keçdiyini, seçki mühitinin əvvəlki parlament seçkilərindən daha demokratik və konstruktiv olduğunu vurğulayır, bu seçkilərin vətəndaş cəmiyyəti quruculuğunda, Azərbaycan dövlətçiliyinin inkişafında mühüm mərhələ olduğunu bəyan edir”.