Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Asossiasiyası (AVCİYA) və “ELS” Müstəqil Araşdırmalar Mərkəzi prezident seçkisində birgə keçirdikləri “exit-poll”un yekun nəticələrini açıqlayıblar.
Ölkənin 800 seçki məntəqəsində həyata keçirilən “exit-poll”un yekun nəticələrinə görə, hakim Yeni Azərbaycan Partiyasının (YAP) prezidentliyə namizədi, hazırkı dövlət başçısı İlham Əliyevə seçicilərin 82,6 faizi səs verib.
İkinci yeri müxalifəti təmsil edən Ümid Partiyasının sədri İqbal Ağazadə (5,0%) tutub.
Namizədlər Qulamhüseyn Əlibəyli 3,58%, Fuad Əliyev 1,23%, Hafiz Hacıyev 0,98%, Qüdrət Həsənquliyev4,21%, Fazil Qəzənfəroğlu isə 2,4% səs qazanıb.
MSK-nın ilkin nəticələrinə əsasən, İlham Əliyev hamıdan çox səs toplayıb – 89,04 faiz.
Oktyabrın 15-də Azərbaycanda prezident seçkisi keçirilib.
Prezident seçkisində yeddi namizəd – Yeni Azərbaycan Partiyasının (YAP) sədri, hazırkı dövlət başçısı İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edib.
MSK-nın ilkin nəticələrinə əsasən, İqbal Ağazadə 2,78 faiz, Fazil Qəzənfəroğlu 2,40 %, Qüdrət Həsənquliyev 2,22 faiz, Qulamhüseyn Əlibəyli 2,18 faiz, Fuad Əliyev 0,75 faiz, Hafiz Hacıyev 0,62 faiz səs toplayıb.
Azərbaycanda seçkini 60-a yaxın ölkədən 1233 nəfər beynəlxalq müşahidəçi izləyib. Mərkəzi Seçki Komissiyası tərəfindən ən böyük missiyalar Avropa Şurası, ATƏT, MDB-dən qeydə alınıb.
Trend , müxbir İ.Əlizadə