Azərbaycan nümayəndə heyəti UNESCO-nun komitə iclasında iştirak edib

Tiflis – Borçalı ədəbi mühitinin Qızıl dövrü Şahbaz Şamıoğlu ilə söhbət
Azərbaycan Prezidenti: BMT TŞ qətnamələrinin bəzi hallarda 20 ildən çox müddətdə kağız üzərində qalması dünya nizamının pozulmasına gətirib çıxarır
“Exit-poll”: İlham Əliyev 93.9 faiz səslə liderdir

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərlinin rəhbərlik etdiyi nümayəndə heyəti Fransada səfərdə olub.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, nümayəndə heyəti UNESCO-nun Silahlı münaqişələr zamanı mədəni sərvətlərin qorunması üzrə Komitənin 16-cı iclasında iştirak edib.

Komitənin gündəliyində əsas məsələlərdən biri olan milli hesabatın müzakirəsi zamanı Dövlət Xidmətinin rəisi çıxış edərək bildirib ki, protokolun icrası barədə milli hesabatların təqdim edilməsinə Azərbaycan tərəfi böyük önəm verir. Azərbaycan tərəfinin təqdim etdiyi milli hesabatda işğaldan azad olunmuş ərazilərdə yerləşən milli irsimizlə bağlı məqamlar öz əksini tapıb. Vurğulayıb ki, hazırda ölkəmiz tərəfindən işğaldan azad olunmuş ərazilərimizdə işğalçı tərəfindən dağıdılmış tarix və mədəniyyət abidələrinin inventarlaşdırılması, mühafizəsi və bərpası üzrə tədbirlər görülməkdədir. Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilən monitorinq prosesinə əsas maneə təhlükəsizlik məsələsi, işğaldan azad olunmuş ərazilərdə, o cümlədən abidələrin ətrafına yerləşdirilmiş müxtəlif tipli, həmçinin piyadalar əleyhinə minalardır.

Xidmət rəisi bildirib ki, Azərbaycan tərəfi işğaldan azad olunmuş ərazilərdə abidələrin qorunması ilə əlaqədar mütəşəkkil və sistemli bir fəaliyyəti həyata keçirir. Postmüharibə dövründə tarix və mədəniyyət abidələrinin qorunması ilə bağlı Azərbaycan tərəfi öz nümunəvi təcrübəsini digər dövlətlərlə də paylaşmağa hazırdır.

İclasda abidələrin qorunması üzrə monitorinqin və nəzarətin həyata keçirilməsi üzrə alt komitənin mandatının uzadılması qərara alınıb və Azərbaycan tərəfi də bu qərara öz dəstəyini verib.

Komitənin iclası zamanı Azərbaycan təmsilçiləri həm mahiyyəti üzrə, həm də təşkilati məsələlərlə bağlı dəfələrlə çıxışlar və şərhlər etmiş, Komitənin 12 üzvü arasında fəallarından olmuşdur.

AZƏRTAC