AzərTAc-ın Fransadakı xüsusi müxbirinin “Azərbaycan həqiqətləri Avropa Şurasında” kitabı çapdan çıxmışdır

Azərbaycanda bələdiyyə seçkisində seçici fəallığı 26-38 faiz olub – exit-poll
AVCIYA regionlarda seminarlara başladı
Erməni işğalı nəticəsində dəymiş maddi və mənəvi zərərin hesablanması:Qubadlı rayonu

Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc) Fransadakı xüsusi müxbiri Əsgər Əliyevin “Azərbaycan həqiqətləri Avropa Şurasında” kitabı CBS mətbəəsində nəfis tərtibatda çapdan çıxmışdır. AzərTAc xəbər verir ki, Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzvlüyünə qəbul edildiyi dövrdən AŞPA-nın bütün sessiyalarının gedişini yaxından izləyən müəllifin bu kitabında 2001-2004-cü illər əhatə olunmuşdur.

Kitabda ölkəmizin Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin fəaliyyəti ilə bağlı mətbuatda dərc olunmuş materiallarla yanaşı, AzərTAc-ın da məlumatlarından geniş istifadə edilmişdir.
Politologiya fənninin tədris olunduğu ali məktəblərin tələbələri, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş kitabın “Müəllifdən” yazısında qeyd olunur ki, Azərbaycan nümayəndə heyəti ilk dəfə AŞPA-nın 2001-ci il aprelin 23-dən 27-dək davam etmiş yaz sessiyasında fəaliyyətə başlamışdır. Həmin dövrdə nümayəndə heyətinə ulu öndər Heydər Əliyevin xarici siyasətini uğurla davam etdirən Milli Məclisin deputatı İlham Əliyev rəhbərlik etmişdir. Elə ilk vaxtlardan AŞPA sessiyalarında Azərbaycanın haqq səsini avropalı deputatlara, beynəlxalq ictimaiyyətə çatdırmaq üçün geniş dünya görüşünə malik İlham Əliyev və nümayəndə heyətinin üzvləri böyük səy göstərmişlər.
Nümayəndə heyətinin rəhbəri İlham Əliyevin sessiyalarda Ermənistanın Azərbaycan ərazisinin 20 faizini işğal etməsi barədə təkzibolunmaz faktlara söykənmiş çıxışları bu ölkənin işğalçılıq siyasətinin əsas səbəbləri barədə avropalı deputatlarda geniş təsəvvür yaratmışdır. İş o yerə çatmışdır ki, hətta erməni mətbuatında dərc olunmuş “Erməni deputatların Strasburq buterbrodu” adlı məqalədə ermənilər (bu məqalə tərcümə olunaraq Azərbaycan mətbuatında dərc edilmişdir) Azərbaycan diplomatiyasının Ermənistanı üstələməsi faktını etiraf etməyə məcbur olmuşlar. Əlbəttə, bu, ümummilli liderimiz Heydər Əliyevin yeritdiyi uzaqgörən siyasətin təntənəsi və nəticəsi idi.
AŞPA-nın sessiyalarında Azərbaycan nümayəndə heyətinin bütün çıxışlarını hiss və həyəcanla izləyən müəllif böyük qürur hissi ilə yazır: “Mən İlham Əliyevin sessiyalarda kəskin çıxışlarının dəfələrlə şahidi olmuşam. Erməni deputatlar İlham Əliyevin faktlara söykənmiş kəskin və sərt çıxışları qarşısında aciz qalaraq ona etiraz etməyə belə cəsarət etmirdilər”.
Böyük peşəkarlıqla hazırlanmış 355 səhifəlik kitabda Avropa Şurası haqqında məlumatlar, Azərbaycanın Avropa Şurasına üzv qəbul olunması, AŞPA-nın sessiyasında ümummilli lider Heydər Əliyevin çıxışı, Ulu Öndərin Avropa Şurasının baş katibi ilə görüşü və
Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinə rəhbərlik etmiş İlham Əliyevin çıxışları, görüşləri, müsahibələri və s. öz əksini tapmışdır.
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının prezidenti, Milli Məclisin deputatı, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü Elxan Süleymanovun dəstəyi ilə çap olunmuş kitabın redaktoru, psixologiya elmləri doktoru, professor Səməd Seyidovdur.

Bakı, 9 may (AzərTAc).  Siyasət