Bakı şəhəri “Ekspo 2025” ümumdünya sərgisinin namizədlik prosesində növbəti mərhələyə adlayıb

Xarici İşlər Nazirliyi 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar bəyanat yayıb
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Ruanda Prezidenti ilə görüşüb
6308 tarix və mədəniyyət abidəsi dövlət mühafizəsinə götürülüb

Beynəlxalq Sərgilər Bürosunun (BSB) İcraiyyə Komitəsi mayın 4-də keçirilmiş iclasının ümumi hesabatını dərc edib. Bu hesabata Bakı şəhərinin 2025-ci ildə ümumdünya sərgisinə namizədliyi məqsədi ilə ölkəmizdə səfərdə olmuş Beynəlxalq Sərgilər Bürosunun Qiymətləndirmə Missiyasının rəyi də daxil edilib.

“Bakı Ekspo 2025” Əməliyyat Katibliyindən AZƏRTAC-a bildiriblər ki, 2025-ci ildə Beynəlxalq Sərgilər Bürosunun ümumdünya sərgisinə ev sahibliyinə Bakı şəhərinin namizədliyi üzrə İşçi Qrupu Bakı şəhərinin növbəti mərhələyə keçdiyini və finala doğru irəliləməkdə olduğunu qürurla bildirir. Bu ilin noyabrında Parisdə təşkil ediləcək Beynəlxalq Sərgilər Bürosunun Baş Assambleyasının 164-cü sessiyasında üzv dövlətlər 2025-ci ildə Beynəlxalq Sərgilər Bürosunun ümumdünya sərgisinə ev sahibliyi edəcək şəhəri seçəcəklər.

2025-ci ildə Beynəlxalq Sərgilər Bürosunun ümumdünya sərgisinə ev sahibliyinə Bakı şəhərinin namizədliyi üzrə Qiymətləndirmə Missiyasının rəsmi hesabatında deyilir: “Ekspo sərgisinin Bakıda keçirilməsi Azərbaycanın böyük beynəlxalq tədbirlərə ev sahibliyi etməsi istiqamətində təcrübəsinin artırılmasına və bu statusun daha da möhkəmləndirilməsinə məntiqi və böyük dəstək olacaq”.

Qiymətləndirmə Missiyası ölkə səviyyəsində sərgiyə ev sahibliyi ilə bağlı fikir birliyini və bunun inkişaf strategiyası ilə üst-üstə düşməsini də qeyd edib. Həmçinin “İnsan kapitalını inkişaf etdirərək, daha yaxşı gələcək quraq” mövzusunun əhəmiyyətini olduqca təqdirəlayiq hesab edib və bildirib ki, bu mövzu çoxsaylı ölkələr üçün cəlbedici və mühüm olmaqla bərabər, hazırkı iqtisadi və sosial transformasiyaları və çağırışları nəzərə alır. Bununla yanaşı, Azərbaycanın bu mövzunu təqdim etməsinin məqsədəuyğun olduğu da bildirilib. Qeyd edilib ki, missiya bu mövzunun sərginin yerli xüsusiyyətinə son dərəcə uyğun olduğunu və iştirakçıların cəlb edilməsi üçün güclü potensial təşkil edə biləcəyini güman edir.

Azərbaycan Respublikasının maliyyə naziri, “Bakı Expo 2025” Ümumdünya Sərgisinin işçi qrupunun sədri Samir Şərifov deyib: “Biz Beynəlxalq Sərgilər Bürosunun İcraiyyə Komitəsinə və Qiymətləndirmə Missiyasına təklifimizlə bağlı hazırladıqları ətraflı və müsbət hesabata görə təşəkkür edirik. Gələn ay Beynəlxalq Sərgilər Bürosunun Baş Assambleyasının Parisdə keçiriləcək 163-cü sessiyası zamanı Beynəlxalq Sərgilər Bürosunun üzvlərinə Bakı şəhərinin namizədliyi ilə bağlı planlarımızı təqdim etməyi səbirsizliklə gözləyirik”.

Beynəlxalq Sərgilər Bürosunun 6 ekspo sərgilərində 18 il ərzində öz pavilyonları ilə fəal iştirak etmiş və pavilyonlarının yüksək keyfiyyətlərinə görə üç mükafat qazanmış Azərbaycan ekspo hərəkatına güclü bağlılıq nümayiş etdirir.

Bakı şəhərinin namizədliyi seçilərsə, “Ekspo 2025” ümumdünya sərgisi 2025-ci il mayın 10-dan noyabrın 10-dək altı ay ərzində keçiriləcək. Bu, Beynəlxalq Sərgilər Bürosunun bütün regionda təşkil ediləcək ilk ümumdünya ekspo sərgisi olacaq.