Bakıda Azərbaycan, Gürcüstan, İran və Türkiyə xarici işlər nazirlərinin birinci dördtərəfli görüşü keçirilib

Yaqland azərbaycanlı qaçqınların probleminin həllində Avropa Şurasının fəaliyyətsizliyini etiraf edib
ŞAMAXIDA İFTAR SÜFRƏSİ
Müdafiə nazirinin iştirakı ilə azad olunan rayonlarda yeni hərbi obyektlər istifadəyə verilib

Martın 15-də Bakıda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun, Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Mixeil Canelidzenin, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun iştirakı ilə Azərbaycan-Gürcüstan-İran-Türkiyə xarici işlər nazirlərinin birinci dördtərəfli görüşü keçirilib.

AZƏRTAC xəbər verir ki, nazilər regionda sülhün, sabitliyin, rifahın möhkəmlənməsinə xidmət edəcək dərin tarixi köklərə və mədəni əlaqələrə əsaslanan dörd ölkənin xalqları arasında həmrəylik və əməkdaşlığı daha da gücləndirməklə bağlı sadiqliklərini bildiriblər. Ölkələr arasında əməkdaşlığın yüksəlməsindən məmnunluq ifadə olunub, tərəfdaşlıq, mehriban qonşuluq, qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlığın daha da inkişaf etdirilməsində güclü öhdəliklərini qeyd ediblər. Bundan başqa, nazirlər regional sülh və sabitliyin möhkəmlənməsində ortaq maraqlarını vurğulayıb və bu kontekstdə dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, o cümlədən regionda bütün münaqişələrin sülh yolu ilə həlli kimi beynəlxalq hüquq prinsiplərinə sadiqliklərini vurğulayıblar. Dörd ölkənin xalqlarının rifahının təmin edilməsi məqsədilə bütün mümkün sahələrdə dördtərəfli əməkdaşlığın araşdırılması və genişləndirilməsi ilə bağlı razılıq əldə olunub. Regional və beynəlxalq təhlükəsizlik və sabitliyin möhkəmlənməsi məqsədilə müxtəlif səviyyə və platformalarda, beynəlxalq və regional təşkilatlar çərçivəsində ümumi maraq kəsb edən regional və qlobal məsələlərlə bağlı məsləhətləşmələrin əhəmiyyəti vurğulanıb.

Nazirlər enerji, nəqliyyat, bankçılıq, telekommunikasiya, sənaye, kənd təsərrüfatı, turizm və ətraf mühit sahələrində birgə layihə və proqramları icra etməklə investisiyalar və ticarətin təşviqi məqsədilə mövcud potensialdan istifadə etmək, eləcə də əməkdaşlığın təşviqini dəstəkləməklə bağlı iqtisadi-ticari əlaqələrin möhkəmləndirilməsi barədə razılığa gəliblər. Milli nəqliyyat infrastrukturunun beynəlxalq nəqliyyat infrastrukturuna inteqrasiya edilməsi məqsədilə coğrafi cəhətdən beynəlxalq tranzit dəhlizlərində əlverişli mövqe tutmuş dörd ölkənin tranzit potensialının artırılması ilə bağlı əhəmiyyətli addımların atıldığı vurğulanıb. Nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi və Bakı-Tbilisi-Qars dəmir yoluna birləşməklə Rəşt-Astara vasitəsilə İran körfəzindəki Çabahar və Bəndər-Abbas kimi İran limanlarından başlamaqla “Cənub-Qərb” marşrutunda dörd ölkənin tranzit potensialının artırılması ilə bağlı əməkdaşlığın daha da möhkəmlənməsinin vacibliyi qeyd edilib. Mülki aviasiya sahəsində yüksək potensiala nail olmaq üçün əməkdaşlığın gücləndirilməsinin, eləcə də dörd ölkənin coğrafi üstünlüklərindən daha da faydalanmağın əhəmiyyəti vurğulanıb.

Görüşdə qlobal və regional iqtisadi təşkilatlar çərçivəsində əməkdaşlıq edilməsinin vacibliyi qeyd olunub. 2015-ci ilin sentyabr ayında Birləşmiş Millətlər Təşkilatı tərəfindən qəbul edilən 2030-ci il üzrə davamlı inkişaf gündəliyinin müvafiq məqsədlərinə nail olmaq naminə ətraf mühitin pozulmasının azaldılması və qarşısının alınması üçün əməkdaşlığın gücləndirilməsinin əhəmiyyəti bildirilib. Beynəlxalq və ya regional təşkilatlarda dörd ölkənin namizədliyinin müsbət mənada qiymətləndirilməsi razılaşdırılıb və bu mənada “Ekspo 2025” Ümumdünya Sərgisinə ev sahibliyi edilməsi ilə bağlı Bakı şəhərinin namizədliyi alqışlanıb. Bakı şəhərinin 2021-ci ildə Dünya Bankı Qrupunun və Beynəlxalq Maliyyə Fondunun İdarəetmə Şurasının illik görüşlərinə ev sahibliyi edilməsi ilə bağlı namizəd şəhər olduğu nəzərə alınıb.

Nazirlər terrorizm, zorakı ekstremizm və separatizmin bütün forma və təzahürlərinə, transmilli mütəşəkkil cinayətkarlıq, narkotik maddələrin və onların prekursorlarının qeyri-qanuni dövriyyəsi, silah, insan alveri, mədəni və tarixi irsə qarşı cinayətlər, kibercinayətlər və miqrant qaçaqçılığına qarşı mübarizədə əməkdaşlığın gücləndirilməsinə qəti sadiqliklərini bir daha bəyan ediblər. Həmçinin ölkələr arasında insanlararası təmasları daha da genişləndirmək məqsədilə mədəniyyət, təhsil, səhiyyə, gənclərin mübadiləsi, turizm və idman sahələrində əməkdaşlığın əhəmiyyətini vurğulayıb və bu sahələrdə birgə layihə və tədbirlərin təşəbbüskarı olmağa və təşviqinə hazır olduqlarını ifadə ediblər.

Görüşdə ümumi maraq kəsb edən sahələrdə dördtərəfli sahəvi əməkdaşlığa dair fəaliyyət planının hazırlanmasının vacibliyi vurğulanıb. Dördtərəfli formatda müntəzəm görüşlərin keçirilməsinin əhəmiyyəti bir daha qeyd olunub.

Görüşdən sonra nazirlər birgə mətbuat konfransı keçiriblər.

Xatırladaq ki, 2017-ci il sentyabrın 6-da Bakı şəhərində Azərbaycan-Gürcüstan-Türkiyə xarici işlər nazirlərinin altıncı üçtərəfli görüşü, dekabrın 20-də isə Azərbaycan-İran–Türkiyə xarici işlər nazirlərinin beşinci üçtərəfli görüşü keçirilib.