Bakıda “Erməni terroru Azərbaycan multikulturalizminə qarşı: 1918-2018” mövzusunda beynəlxalq konfrans keçirilib

Milli Məclisin plenar iclası başlayıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinə müraciət edən müəssisələrlə görüş keçirilib
Prezident seçkiləri ilə əlaqədar veb-kameralara texniki nəzarət mərkəzinə baxış keçirilib

Martın 27-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) “Erməni terroru Azərbaycan multikulturalizminə qarşı: 1918-2018” mövzusunda beynəlxalq konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir BBMM tərəfindən “Terror multikulturalizmə qarşı” layihəsi çərçivəsində Azərbaycan Dillər Universiteti ilə birgə reallaşdırılıb.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktor əvəzi Rəvan Həsənov konfransı açaraq erməni terrorizmi və onun ağır fəsadlarından danışıb. Bildirib ki, 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və erməni-daşnak dəstələri azərbaycanlılara qarşı qırğınlar törədiblər. Rəsmi mənbələrə əsasən, soyqırımı nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilib, on minlərlə insan itkin düşüb. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur. Prezident İlham Əliyevin 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında Sərəncamı faciəyə verilən layiqli qiymətdir.

Prezident Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov erməni terrorizminin təkcə azərbaycanlılar üçün deyil, digər qonşu xalqlar üçün də tarixən ciddi problemlər yaratdığını deyib. Bildirib ki, ermənilər terrordan ən çox istifadə edən xalqlardandır. Elə buna görə də “erməni terroru” ifadəsi siyasi leksikona daxil edilib. Bir çox erməni siyasi partiyaları terroru öz fəaliyyətlərinin əsas metodu kimi qəbul ediblər. Hazırda bu ənənə Ermənistanda qalır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı törədilən terror aktlarında, digər cinayətlərdə bu gün Ermənistanda siyasi hakimiyyətdə olanlar bilavasitə iştirak ediblər. Müasir dövrdə terror Ermənistanda dövlət siyasəti səviyyəsinə qaldırılıb. Bütün dünyada terrorçu kimi tanınan ermənilərə heykəl qoyulur, adlarına küçələr verilir. Erməni terroru istər keçmişdə, istərsə də müasir dövrdə sülhə, təhlükəsizliyə böyük təhdiddir.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Qafqazşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı Musa Qasımlı erməni vəhşiliklərini tarixi faktlarla diqqətə çatdırıb. O deyib ki, mart soyqırımı yalnız azərbaycanlılara deyil, digər xalqlara qarşı da törədilib. Bu soyqırımının coğrafiyası Şərqi Anadolu, İrəvan quberniyası, indiki Azərbaycan ərazisini və digər əraziləri əhatə edir. Erməni təşkilatlarının məqsədi “böyük Ermənistan” yaratmaq olub. Bunun üçün onlar hər cür terrora, vəhşiliklərə əl atıblar. Bu proses bu gün də davam edir.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, işçi qrupun rəhbəri İsmayıl Axundov təmsil etdiyi qurumun erməni terrorizminin araşdırılması ilə bağlı gördüyü işlərdən danışıb. Bildirib ki, o dövrdəki gərgin siyasi vəziyyətdən istifadə edən ermənilər təşkilatlanmış, bölgənin türk-müsəlman əhalisinə qarşı soyqırımı həyata keçirmişlər. Ermənilər 1988-ci ildən etibarən yenidən Azərbaycana qarşı ərazi iddialarına başladılar. Ermənistanın bu siyasəti nəticəsində Azərbaycan torpaqlarının iyirmi faizi işğal edildi, bir milyondan artıq soydaşımız yurd-yuvalarından didərgin düşdü, 20 min insan qətlə yetirildi, 50 min insan əlil oldu, 3875 nəfər isə itkin düşdü.

Konfrans panel müzakirələrlə davam edib.

Azərbaycan Milli Elmlər Akademiyasının Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun baş elmi işçisi Solmaz Rüstəmova-Tohidinin moderatorluğu ilə keçən “1918-1920-ci illərdə azərbaycanlılara qarşı ermənilərin törətdikləri soyqırımı” adlı birinci panel iclasda Fransa Sosial Tarix Araşdırmaları Mərkəzinin nümayəndəsi Georgi Mamulia, Mazandaran Universitetinin siyasi elmlər üzrə doktoru Əhməd Raşidi, Prezidentin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivinin nümayəndəsi Həcər Verdiyeva, rusiyalı tarixçi, tanınmış qafqazşünas alim Oleq Kuznetsov, Prezident Kitabxanasının şöbə müdiri Nazim Mustafa, İnquşetiya Elmi-Tədqiqat İnstitutunun şöbə müdiri Boris Xarsiyev və BBMM-in müşaviri Aytən Qəhrəman məruzələrlə çıxış ediblər.

Prezidentin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivinin nümayəndəsi Həcər Verdiyevanın moderatorluğu ilə təşkil edilən “Azərbaycanda yaşayan etnik qruplara qarşı erməni terroru” adlı ikinci panel iclasda isə Moldovanın Effektiv Siyasət İnstitutunun direktor müavini Ruslan Şevçenkonun, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının kafedra müdiri Firdovsiyyə Əhmədovanın, Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin nümayəndəsi Araz Qurbanovun, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri İmamverdi Həmidovun, “Samur” qəzeti redaktorunun müavini Müzəffər Məlikməmmədovun, Atatürk Universitetinin müəllimi Yavuz Aslanın və AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun sektor müdiri Təvəkkül Əliyevin məruzələri dinlənilib.

Çıxışlarda qeyd edilib ki, 31 mart – Azərbaycanlıların Soyqırımı Günü tarixə XX əsrin qanlı hadisəsi kimi yazılıb. Bu soyqırımı zamanı erməni silahlı birləşmələri tərəfindən on minlərlə günahsız, dinc insan amansızlıqla qətlə yetirilib. Faciə ilə əlaqədar hər il Azərbaycanda və dünyanın bir çox dövlətlərində soyqırımı ilə əlaqədar müxtəlif anım mərasimləri keçirilir, erməni şovinizminin və qəddarlığının bütün qanlı əməlləri pislənilir.