
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam edir. Oktyabrın 22-də respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Ağdamdan Xocalı və Ağdərə rayonlarına yola salınıb.
Oktyabrın 22-də Xocalı və Ağdərə rayonlarına növbəti köç reallaşıb. 176 nəfər olmaqla, 44 keçmiş məcburi köçkün ailəsi doğma yurda qovuşub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu mərhələdə Xocalı şəhərinə 4 ailə (23 nəfər), Ballıca kəndinə 5 ailə (27 nəfər), Badara kəndinə 3 ailə (7 nəfər), Daşbulaq kəndinə 1 ailə (2 nəfər), Xanyurdu kəndinə 2 ailə (5 nəfər), Ağdərənin Vəngli kəndinə 6 ailə (29 nəfər), Heyvalı kəndinə isə 23 ailə (83 nəfər) köçürülüb.
Keçmiş məcburi köçkünlərə yeni mənzillərinin açarları təqdim edilib. Ailələr sevinc hissi ilə yeni evlərində yerləşiblər.
Qeyd edək ki, köç olan kəndlərdə yaşayış üçün bütün zəruri infrastruktur yaradılıb. Yaşayış evləri bərpa olunub, elektrik, qaz, içməli su, yol və rabitə xətləri istifadəyə verilib.
Müxbir – Tahir Ağaməmmədov
AZƏRTAC