“Dağlıq Qarabağ münaqişəsi sülh yolu və beynəlxalq normalar əsasında həll olunmalıdır”.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, bunu Gürcüstan Prezidenti Salome Zurabişvili Yerevanda Ermənistan parlamentinin sədri Ararat Mirzoyanla görüşdə deyib.
O qeyd edib ki, Dağlıq Qarabağ separatçılarının Abxaziya və Cənubi Osetiyaya səfər etmələri və bu münaqişələrin eyni və simmetrik olması barədə danışmaları Gürcüstan üçün çox kədərli və ağrılı məsələdir: “Bu münaqişələr regionumuzun birgə inkişafını məhdudlaşdırır. Gürcüstanın işğal altında olan iki ərazisi var və əgər biz ölkənin maraqları barədə danışırıqsa, o zaman bizim üçün əsas və yeganə maraq ondan ibarətdir ki, bizim suverenliyimiz və ərazi bütövlüyümüz yalnız sözdə deyil, faktiki olaraq da tanınsın”.
S.Zurabişvili Minsk qrupu və Cenevrə danışıqlar formatının passiv olduğunu vurğulayıb: “Bu formatlar vəziyətdə dönüş yarada biləcək siyasi qərarlar qəbul edə bilmirlər. Hesab edirəm ki, biz, bu münaqişələrin beynəlxalq normalar əsasında həllində yeni mərhələyə nail olunması üçün birgə çalışmalıyıq”.
Dövlət başçısı qeyd edib ki, Gürcüstan ərazisində olmayan münaqişə ölkədə yaşayan azərbaycanlılar və ermənilər üçün də çox ağrılıdır: “Bu münaqişə Gürcüstan ərazisinə keçsə, ölkə üçün dağıdıcı ola bilər. Buna görə də bütün münaqişələr sülh yolu və beynəlxalq normalar əsasında həllini tapmalıdır”.