(24.6.1953, Xocalı ş. – 26.2.1992, Xocalı ş.) – Azərbaycanın Milli Qəhrəmanı (6.6.1992, ölümündən sonra).
1970 ildə orta məktəbi, 1971 ildə isə Xankəndi ş-də avtomobil məktəbini bitirib. Minsk ş-də hərbi xidmətdə olub (1971-1973). Belorusiya SSR DİN-in və Azərbaycan SSR DQMV-nin daxili işlər orqanlarında müxtəlif vəzifələrdə çalışıb. SSRİ DİN-in Frunze adına Xüsusi Milli Məktəbində oxuyub (1976-1979), təhsilini SSRİ DİN-in Akademiyasında davam etdirib. DQMV Daxili İşlər Şöbəsində çalışarkən millətçi ermənilər tərəfindən ona qarşı müxtəlif təxribatlar edilib. Saxta ittihamlarla günahlandırılaraq 10 il həbs cəzasına məhkum olunub. Sonradan bəraət alaraq azadlığa buraxılıb. 1990-cı ildə Xocalıya qayıdıb, Dağlıq Qarabağda yaradılan Təşkilat Komitəsində, Qarabağa Xalq Yardımı Komitəsində fəaliyyət göstərərək erməni millətçilərinə qarşı mübarizəsini davam etdirib. 1990 ilin dekabr ayında daxili işlər orqanlarına yenidən bərpa olunub və Xocalı təyyarə limanı xətt daxili işlər bölməsinə rəis təyin edilib. Eyni zamanda Xocalı Aeroportunun komendantı olub. 1991 ilin dekabr ayında mayor rütbəsi verilib. Ə.Hacıyevin əzmkarlığı nəticəsində Xocalı aeroportu erməni millətçilərinin nəzarətindən tamamilə çıxarılıb.25 fevral 1992 ildə ermənilər “Xocalı əməliyyatı”na başladı. Xocalı camaatı kəndi tərk etmək haqda ermənilər tərəfindən edilən xəbərdarlığı qəbul etməyib, Bakıdan kömək gözləyirdi. Əlif Hacıyev və dəstəsi səhər saat 5-ə qədər azğınlaşmış rus hərbçiləri və erməni yaraqlıları ilə vuruşub. Döyüşlər qeyri-bərabər qüvvələr arasında gedib. Ə.Hacıyev bu qanlı döyüşdə misilsiz qəhrəmanlıqlar göstərərək, bir dəstə dinc əhalini Ağdamın Şelli k-ə tərəf təhlükəsiz yerə çıxarıb. Bir daha geriyə dönərək, yenidən döyüşə atılıb. Avtomatın darağını dəyişərkən düşmən gülləsindən şəhid olub. Ailəli idi. İki qız övladı var. Bakıdakı Şəhidlər Xiyabanında dəfn edilib. Bakının Nizami rayonundakı küçələrdən biri qəhrəmanın adını daşıyır.
Əd.: Vüqar Əsgərov “Azərbaycanın Milli Qəhrəmanları” (Yenidən işlənmiş II nəşr). Bakı, 2010, səh. 106-107