İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışına baxıblar

İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində COP29-la bağlı yaradılan şəraitlə tanış olub
Ağdərə və Xocalı rayonlarına növbəti köç karvanları yola salınıb
Ağdam şəhərinə daha 90 ailə köçürülüb 

Sentyabrın 26-da Bakı Şəhər Halqasında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışı keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri yarışı izləyiblər.

Qeyd edək ki, Formula 1 Azərbaycan Qran-Prisinin 10-cu – yubiley yarışına sentyabrın 24-də start verilib. 17 mindən çox xarici azarkeş Formula 1 yarışlarını tribunalardan canlı izləyə bilib. Yarışda hər biri iki pilotdan ibarət 11 komanda mübarizə aparıb.

Komandalar ilk gündə iki sərbəst yürüşdə yarışıblar. Bu yürüşlərdə yüksək nəticə göstərən pilotlar ardınca sıralama turunda mübarizəni davam etdiriblər. Sıralama turunun yekununda “Mercedes”in pilotu Corc Rassell 6 kilometrlik Bakı trekində poul qazanaraq əsas yarışı ilk pillədən başlamaq hüququ əldə edib. “Ferrari”nin pilotu Şarl Lekler ikinci, “McLaren” təmsilçisi Oskar Piastri üçüncü yerdə qərarlaşıblar.

Sentyabrın 26-da keçirilən əsas yarışda pilotlar Bakı Şəhər Halqasında 2 saat ərzində 51 dövrə vurublar. Yarış “Mercedes”in pilotu Corc Rassellin qələbəsi ilə başa çatıb. “Red Bull”dan Maks Ferstappen ikinci, onun komanda yoldaşı İsak Hacar isə üçüncü olub.

Xatırladaq ki, Azərbaycan Formula 1 yarışlarına onuncu dəfədir ev sahibliyi edir. 2016-cı ildə təşkil olunan və Avropa Qran-Prisi adlandırılan ilk yarışda “Mercedes” komandasının pilotu Niko Rosberq birinci olub. Yarış növbəti ildən Azərbaycan Qran-Prisi adlandırılıb.

president.az