Keçmiş məhkumların cəmiyyətə inteqrasiyasına ictimai dəstək layihəsinin icrasına başlandı

Dünən Laçında həlak olan hərbçilərimiz Sumqayıt Şəhidlər Xiyabanında dəfn olunur
Qurban bayramı: Səxavət, halallıq və həmrəylik rəmzi
Prezident İlham Əliyev Bakıda yeni istifadəyə verilən idman və istirahət parkında yaradılan şəraitlə tanış olub

Mayın 17-də “Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Yeni Həyat – keçmiş məhkumların cəmiyyətə inteqrasiyasına ictimai dəstək” layihəsinin icrasına başlayıb. Bu məqsədlə keçirilən mətbuat konfransını giriş sözü ilə layihənin hüquqşünası Şahin Camalov açdı. Layihənin mahiyyəti barəsində danışan Şahin Camalov bildirdi ki, əsas məqsəd cəza çəkməkdən azad edilmiş şəxslərin cəmiyyətə inteqrasiyasını dəstəkləmək və onların qarşılaşdıqları hüquqi, psixoloji və sosial problemlərin həllinə kömək etməkdir. Ş.Camalov qeyd etdi ki, bununla bağlı olaraq 1, 4 və 15 saylı cəzaçəkmə müəssisələrində məhbuslarla görüşlər keçirilib və layihə onlar tərəfindən razılıqla qarşılanıb. Qeyd olunub ki, indiyədək 20 keçmiş məhkuma psixoloji və hüquqi yardım göstərilib və bunun davamlı olacağı gözləniləndir.

Layihənin psixoloqu Asəf Kərimov bildirdi ki, azadlıqdan məhrumetmə yerlərindən buraxılan şəxslərin cəmiyyətə inteqrasiyasında daha çox psixoloji, maddi və cəmiyyətin həmin şəxslərə münasibəti səciyyəli problemlərlə üzləşilir. Bu problemlərin həlli üçün xarici təcrübənin mənimsənilməsinin gərəkliliyini önə çəkən A.Kərimov psixoloji problemləri ailənin keçmiş məhkuma münasibəti, peşə fəaliyyətinə qayıtmaq qorxusu, yeni işə başlamaq qorxusu, ətrafdakı şəxslərə inamsızlıq kimi təsnifləşdirdi. Psixoloq bütün bu problemlərin həlli üçün dövlət tərəfindən mərkəzləşdirilmiş iş aparılmasının zəruriliyini önə çəkdi və qeyri-hökumət təşkiltlarının təcrübəsindən istifadənin önəmini vurğuladı.