Klaypedada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd edilib

“Google” şirkəti “Android 2.3” əməliyyat sistemilə çalışan cihazlarda öz servislərini bağlayır
AVCİYA-nın 2022 – Şuşa ilinə dəyərli töhfəsi: Assosiasiya Şuşa layihələri çərçivəsində dördcildlik monoqrafik toplu hazırlayaraq dərc etmişdir
Formula 1 Azərbaycan Qran-Prisinin birinci sərbəst yürüşü başlayıb

Litvanın Klaypeda şəhərindəki Milli Mədəniyyətlər Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi təntənəli şəkildə qeyd edilib.

AZƏRTAC xəbər verir ki, Klaypeda şəhərində fəaliyyət göstərən “Azeris” cəmiyyətinin sədri Əliağa Məmmədov tədbirdə çıxış edərək, bu bayramın hər bir azərbaycanlı üçün əlamətdar olduğunu vurğulayıb. Bildirib ki, 1918-ci il mayın 28-də elan edilən Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşasa da, parlament və hökumət, müasir Azərbaycanın bayrağı və gerbi – bütün bu dövlət rəmzləri məhz yüz il əvvəl təsis edilib.

Tədbirdə Azərbaycanın bugünkü dinamik inkişafı, ölkəmizin tarixi, mədəniyyəti və incəsənətindən bəhs edən sənədli film nümayiş olunub.

Klaypedanın Milli Mədəniyyətlər Mərkəzində toplaşmış qonaqlar bütün azərbaycanlıları müstəqilliyin yüzilliyi münasibətilə təbrik ediblər. Bayram tədbirinin hər bir iştirakçısı qardaş xalqın həyatına daha yaxından bələd olmaqla yanaşı, milli geyimlər geyinib, musiqi dinləyib, rəqs edib, habelə Klaypeda üzərindəki açıq səmaya Azərbaycan və Litva bayraqlarının rəngləri olan şarlar buraxıb.

Nigar Cəfərli, AZƏRTAC-ın xüsusi müxbiri

Klaypeda