Mərkəzi Seçki Komissiyasında ATƏT/DTİHB-nin seçki müşahidə missiyasının rəhbəri ilə görüş olub

Mingəçevirdə “ASAN Həyat” kompleksinin açılışı olub
Prezident seçkilərini 600-dən çox beynəlxalq müşahidəçi izləyəcək
Erməni işğalı nəticəsində dəymiş maddi və mənəvi zərərin hesablanması: Fizuli rayonu

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov martın 9-da ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun seçki müşahidə missiyasının rəhbəri Korin Yonkerlə görüşüb.

MSK-nın media və ictimai əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, sədr Məzahir Pənahov müşahidə missiyasının rəhbərini və üzvlərini salamlayaraq Komissiyada keçirilən görüşdən məmnunluğunu bildirib, görüş üçün təşəbbüsü yüksək qiymətləndirib.

Səmimi görüşə görə MSK sədrinə minnətdarlıq edən ATƏT/DTİHB-nin seçki müşahidə missiyasının rəhbəri Korin Yonker müşahidə missiyası barədə məlumat verərək bildirib ki, onlar seçkiqabağı və səsvermə günü proseslərini müşahidə edəcəklər. Sonra müşahidə missiyasının üzvləri 2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərinə hazırlıqlarla maraqlanıblar.

Sədr Məzahir Pənahov seçkilərin yüksək səviyyədə hazırlanıb şəffaf və ədalətli keçirilməsi istiqamətində görülmüş işlər və MSK-nın genişmiqyaslı maarifləndirmə proqramı barədə danışaraq ölkə vətəndaşlarının seçmək və seçilmək hüquqlarının azad və sərbəst şəkildə təmin olunması üçün Komissiyanın fəaliyyəti və gerçəkləşdirilən çoxsaylı layihələri müşahidə missiyası üzvlərinin diqqətinə çatdırıb və bildirib ki, bütün addımlar tam şəffaflıq şəraitində atılır.

Rəhbərlik etdiyi qurumun beynəlxalq təşkilatlarla əməkdaşlığa hər zaman açıq olduğunu diqqətə çatdıran Məzahir Pənahov, həmçinin qeyd edib ki, hazırda MSK-da peşəkar işçi qrupu təqdim olunmuş imza vərəqələrini və digər seçki sənədlərini yoxlayır. İctimaiyyətə tamamilə açıq olan yoxlama prosesi siyasi partiyaların, prezidentliyə namizədlərin səlahiyyətli nümayəndələri və kütləvi informasiya vasitələri tərəfindən mütəmadi şəkildə izlənilir. M.Pənahov digər beynəlxalq təşkilatlarla yanaşı, seçki müşahidə missiyasının üzvlərini də istədikləri vaxt həm imza vərəqələrinin yoxlanılmasında, həm də seçkilərlə bağlı, ümumiyyətlə, hər hansı istənilən digər proseslərdə yaxından iştirak etməyə dəvət edib. MSK sədri hətta onu da bildirib ki, yoxlama davam edir və hazırda istənilən digər maraqlı şəxslər kimi, onlar da bu prosesin gedişini birbaşa izləyə bilərlər.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.