Milli Qeyri-Hökumət Təşkilatları Forumu Avropa Parlamentinin deputatlarına müraciət ünvanlayıb

Ahıska Türk mədəniyyətinin etnik tipologiyası- təsərrüfat növləri
Leyla Əliyeva 76 il əvvəl həlak olmuş azərbaycanlı döyüşçünün xatirəsini yad edib
AVCİYA prezidenti: “Sərsəng məsələsi Azərbaycanın daxili işidir, Prezidentimiz tezliklə bunu da həll edəcək”

Milli Qeyri-Hökumət Təşkilatları Forumunda təmsil olunan qurumlar adından Forumun prezidenti Rauf Zeyni Avropa Parlamentinin deputatlarına müraciət ünvanlayıb.

Bu barədə Trend-ə Forumdan məlumat verilib.

Müraciətdə deyilir: “Hörmətli deputatlar, Avropa Parlamenti yanvarın 17-də “Azərbaycanda insan haqları, demokratiya və qanunun aliliyinin pozulması ilə bağlı qətnamə” qəbul etmişdir. Bu sənədin həbsdə olan gənc bloqqer Mehman Hüseynova qarşı yeni cinayət işinin açılması və onun guya həbsxanada aclıq aksiyasına başlaması barədə məlumatlar əsasında qəbul edildiyini bilirik. Təəssüf ki, birinci dəfə deyil ki, Avropa Parlamentinin deputatları bir sıra təşkilatlar, şəxslər və hətta bəzi həmkarları tərəfindən aldadılaraq, yoxlanılmamış məlumatlar əsasında bu qurumun adına yaraşmayan qeyri-obyektiv və qərəzli sənədə səs verməyə təhrik olunurlar.

Doğrusu, belə bir mövqe nümayiş etdirməklə Avropa Parlamentinin hansı məqsəd güddüyü, kimə və nəyə xidmət etdiyi Azərbaycan ictimaiyyətinə qaranlıq qalır. Əgər məqsəd insan hüquqları, demokratiya, qanunun aliliyi kimi dəyərlərin qorunması, Azərbaycan hakimiyyətini həmin istiqamətdə beynəlxalq səviyyədə üzərinə götürdüyü öhdəliklərə riayət etməyə çağırmaqdırsa, onda eyni münasibət niyə indiyədək başqa dövlətlərə, xüsusilə də insan hüquqlarına tam etinasız yanaşan Ermənistana göstərilməyib? Nə üçün Avropa Parlamenti uzun illər Ermənistanda hökmranlıq etmiş qəddar diktatura rejimi, seçkilərin saxtalaşdırılması, siyasi qətllər və digər cinayətlərlə bağlı adekvat mövqe nümayiş etdirməmişdir? Halbuki Ermənistanda baş verənlərdən hörmətli Avropa parlamentarilərinin kifayət qədər məlumatı olmalı idi. Məgər siz Ermənistanda parlamentin və dinc nümayişçilərin gülləbaran edildiyini, hakimiyyətin siyasi rəqiblərinin fiziki cəhətdən aradan götürüldüyünü, bütün seçkilərin saxtalaşdırıldığını, etirazlara, aclıq aksiyalarına heç bir məhəl qoyulmadığını, 2017-ci ilin martında həbsxanada aclıq aksiyası keçirən siyasi məhbus Artur Sarkisyanın öldüyünü bilmirdiniz? Bəlkə iki gün qabaq həbsxanada iki ay aclıq keçirən digər siyasi məhbus Mqer Eqiazaryanın ölümündən də xəbəriniz yoxdur?

Biz – Azərbaycanın 700-dək vətəndaş cəmiyyəti təsisatını öz ətrafında birləşdirən Milli Qeyri-Hökumət Təşkilatları Forumunun təmsilçiləri Avropa Parlamentinin ölkəmizə qarşı qərəzli qətnamə qəbul etmiş deputatlarını öz dəyərlərinə sadiq qalmağa, ikili standartlardan, ayrıseçkilikdən və islamafobiyadan uzaq olmağa, postsovet məkanında baş verən hadisələrə obyektiv və ədalətlə yanaşmağa dəvət edirik. Ümid edirik ki, sözdə bəyan etdiyiniz dəyər və prinsiplərə heç olmazsa bundan sonra əməldə də sadiq qalacaq, Avropa məkanına daxil olan hər bir ölkədə baş verən proseslərə vaxtında və adekvat qiymət verəcəksiniz”.