NATO Baş katibinin xüsusi nümayəndəsi: “Azərbaycan-NATO münasibətləri illər ərzində inkişaf edib:

İlham Əliyevin Ankarada rəsmi qarşılanma mərasimi olub
Azərbaycan və Türkiyə prezidentlərinin təkbətək görüşü
Prezident İlham Əliyev Rusiya prezidenti Vladimir Putinə zəng edib

“Azərbaycanla NATO arasında əməkdaşlıq davamlı və etibarlıdır”.

Bunu bu gün Latviyanın Azərbaycandakı səfirliyinin 2021-2022-ci illər üçün NATO-nun Azərbaycandakı əlaqələndiricisi kimi ADA Universiteti ilə birgə təşkil etdiyi “Azərbaycanın Avro-Atlantik məkanın sülh və təhlükəsizliyinə töhfəsi” adlı beynəlxalq konfransa videoformatda qatılan NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay deyib.

Onun sözlərinə görə, Azərbaycan-NATO münasibətləri illər ərzində inkişaf edib.

Baş katibin xüsusi nümayəndəsi Azərbaycana NATO ilə münasibətlərinə görə təşəkkür edib: “Biz başa düşürük ki, Azərbaycan balanslı xarici siyasət yürüdür, region mürəkkəbdir. Lakin Qərbdə münasibətlərin də Azərbaycana müsbət təsirini görmüşük. Əfqanıstanda göstərdiyi dəstəyə görə də Azərbaycana dərindən təşəkkür edirik. Azərbaycan Əfqanıstan məsələsində tranzit ölkə kimi NATO-ya çox kömək edib, bunu yüksək dəyərləndiririk. NATO təlimlərində Azərbaycan hərbçiləri iştirak edib. NATO-nun İnam Fondu vasitəsilə müəyyən layihələr həyata keçirmişik, bu layihələr Azərbaycan vətəndaşlarının təhlükəsizliyinə töhfə verib”.

C. Appaturay qeyd edib ki, NATO Dağlıq Qarabağ münaqişəsində tərəf deyil, birbaşa iştirak etmir: “Biz regiondakı ölkələrin ərazi bütövlüyünü, siyasi müstəqilliyini və suverenliyini dəstəkləyirik. Cənubi Qafqaz regionunda sabitlik, sülh və inkişaf, eyni zamanda, regionun 3 ölkəsi arasında yaxşı münasibətlər görmək istəyirik. Bu, yavaş-yavaş formalaşır. Xüsusilə də Azərbaycan və Gürcüstan arasında münasibətlər təqdirəlayiqdir. Ermənistanla Azərbaycan arasında da belə münasibətlər görmək istərdik”.

O, daha sonra NATO-nun Brüssel sammiti barədə danışıb. C. Appaturay vurğulayıb ki, NATO sammitində müttəfiqlərin birgə və həmrəy olması bildirilib: “Bunu ABŞ Prezidenti Co Bayden də təsdiqlədi. O, sammitdə Çin, Rusiya və kibertəhlükəsizliklə bağlı məsələlərin müzakirə olunduğunu və bunlarla bağlı vahid mövqeyin olduğunu təsdiqlədi. Həmçinin sammitdə iqlim dəyişikliyi də müzakirə olundu. NATO olaraq biz iqlim dəyişikliyinin səbəblərindən biri olan karbon emissiyalarının azaldılmasını hədəfləmişik. Bu, böyük bir sammit idi, hazırkı problemlər, gələcəyə hazırlıq müzakirə olundu”.

APA