Naxçıvan şəhərində yeni məscid binası tikilir

Azərbaycan Prezidenti İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
Əsəd Təhləli ilə Gürcüstan azərbaycanlılarının etnik mədəniyyəti və məişəti (tarixi-etnoqrafik aspektlər) barədə söhbət- I Hissə
Baş prokuror: “Vətən müharibəsi dövründə ermənilər 12 azyaşlını və 27 qadını qətlə yetirib”

Naxçıvan Muxtar Respublikasında dini-mənəvi dəyərlərin qorunub-yaşadılması və təbliği istiqamətində ardıcıl tədbirlər görülür. Muxtar respublika ərazisindəki dini-mədəni abidələr bərpa olunur, yeni məscidlər tikilir, dindarların ibadəti üçün hərtərəfli şərait yaradılır. Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı seçilməsi bu tədbirlərin əhatə dairəsini xeyli genişləndirib. Hazırda Naxçıvan şəhərində yeni məscid binası inşa olunur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, oktyabrın 14-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov məscid binasının inşa olunduğu əraziyə gəlib, tikinti işlərinin gedişi ilə maraqlanıb.

Məlumat verilib ki, məscid binası ibadət zalından, 40 metrlik iki minarədən, qızlar və oğlanlar üçün iki mədrəsədən və kitabxanadan ibarət olacaqdır. Hazırda minarələrin və günbəzlərin tikintisi aparılır. 15 günbəzli məsciddə eyni vaxtda 2 min nəfər ibadət edə biləcəkdir.

Ərazidə Naxçıvan Muxtar Respublikası Qazisi yanında Şura üçün ikimərtəbəli inzibati bina və ikimərtəbəli mərasim binası da inşa olunur. İnzibati binada iş otaqları, tədbirlər zalı, kəbin otağı, kitabxana və bufet istifadəyə veriləcəkdir. Mərasim binasında isə hər biri 224 yerlik iki zal fəaliyyət göstərəcəkdir.

Məscid binasının həyətində abadlıq işləri aparılacaq, mərkəzi isitmə sistemi qurulacaq və dəstəmaz yerləri yaradılacaqdır.

Ali Məclisin Sədri məscid binasının islami dəyərlərə uyğun inşa olunması, tikintidə keyfiyyətə və mühəndis-texniki tələblərə ciddi riayət olunması, bununla yanaşı ərazidə abadlıq işlərinin aparılması barədə də tapşırıqlar verib.