Sual-cavab

AVCİYA-nın Zaqatala nümayəndəliyində 150 müşahidəçi qeydə alınıb
“Təhsil kreditləri haqqında” qanun layihəsi Milli Məclisə təqdim olunub
AŞPA məruzəçisi Bakıda müzakirələr aparıb

Hörmətli oxucular, AVCİYA-nın təqdim etdiyi seçki səhifəsində seçkilərlə bağlı suallara, sizləri maraqlandıran, narahat edən problemlərə aydınlıq gətirmək istəyirsinizsə bizə müraciət edə bilərsiniz. Rubrikamız vətəndaşlarımızın maarifləndirilməsi məqsədilə hazırlanır. Sizin seçkilərə aid çoxsaylı suallarınızı AVCİYA-nın hüquqşünasları cavablandırır.

– Hansı hallarda seçki dairəsi üzrə seçkilər baş tutmamış və ya etibarsız hesab oluna bilər?
– Azərbaycan Respublikası Seçki Məcəlləsinin 170-ci maddəsinə müvafiq olaraq qeydə alınmış namizədlərin lehinə verilən səslərin sayı bərabər olduqda Dairə Seçki Komissiyası birmandatlı seçki dairəsi üzrə seçkiləri baş tutmamış hesab edir. Dairə Seçki komissiyası və ya Mərkəzi Seçki Komissiyası birmandatlı seçki dairəsi üzrə seçkiləri aşağıdakı hallarda etibarsız saya bilər: səsvermə keçirilməsi və ya səsvermənin nəticələrinin müəyyənləşdirilməsi zamanı seçki dairəsi üzrə yol verilən qanun pozuntuları seçicilərin iradəsini müəyyənləşdirməyə imkan vermədikdə; birmandatlı seçki dairəsi üzrə səsvermə zamanı səsvermənin nəticələri etibarsız sayılmış seçki məntəqələrinin sayı həmin seçki dairəsində olan seçki məntəqələrinin ümumi sayının 2/5 hissəsindən çoxunu təşkil etdikdə və ya ləğv edildikdə, o şərtlə ki, həmin seçki məntəqələrində qeydə alınmış seçicilərin sayı seçki dairəsi üzrə qeydə alınmış seçicilərin ümumi sayının ¼-dən çoxunu təşkil etsin; məhkəmənin qərarı əsasında.
– Mərkəzi Seçki Komissiyası seçki dairəsi üzrə səslərin yenidən sayılması haqqında qərar verə bilərmi?
– Birmandatlı seçki dairəsi üzrə seçkilər səsvermə bülletenlərinin düzgün sayılmaması nəticəsində etibarsız sayıldıqda Mərkəzi Seçki Komissiyası səslərin yenidən sayılması haqqında qərar qəbul edir. Bu zaman səslərin yenidən sayılması Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi qaydada müvafiq dairə seçki komissiyası tərəfindən təmin edilir.

– Seçkiləri izləmək üçün hansı təşkilatların beynəlxalq müşahidəçi dəvət etmək hüququ vardır?
– Seçki Məcəlləsinin 44-cü maddəsinə əsasən, seçkilərin təyin edilməsi barədə qərar rəsmi dərc edildikdən sonra Milli Məclis, müvafiq icra hakimiyyəti orqanları və Mərkəzi Seçki Komissiyası tərəfindən seçkilərin müşahidə olunması məqsədilə beynəlxalq (xarici) müşahidəçilərə dəvət göndərilə bilər. Həmçinin, insan və vətəndaşların hüquq və azadlıqlarının qorunması sahəsində nüfuzu olan qeyri-hökumət təşkilatları da beynəlxalq müşahidəçilərin dəvət olunması haqqında öz təkliflərini Milli Məclisin deputatlarına, Mərkəzi Seçki Komissiyasına və ya müvafiq icra hakimiyyəti orqanına verə bilərlər.

– Namizəd qeydə alındıqdan sonra toxunulmazlıq statusu əldə edirmi?
– Qeydə alinmış namizəd müvafiq seçki komissiyasında qeydə alındığı gündən seçkilərin nəticələrinin rəsmi dərc edildiyi günədək olan müddətdə müvafiq prokurorun razılığı olmadan, namizəd kimi qeydə alındıqdan sonra törətdiyi əməllərə görə cinayət məsuliyyətinə cəlb edilə bilməz, tutula bilməz və məhkəmə qaydasında müəyyənləşdirilən inzibati tənbeh tədbirlərinə məruz qala bilməz. Qeydə alınmış namizəd yalnız cinayət başında yaxalanarsa, tutula bilər. Belə razılıq verildikdə və ya qərar qəbul edildikdə, müvafiq prokuror və ya məhkəmə namizədin qeydə alındığı seçki komissiyasını bu barədə dərhal xəbərdar edir. Seçki Məcəlləsinin tələblərinə müvafiq olaraq Milli Məclisə seçkilərdə qeydə alınmış namizəd yalnız Azərbaycan Respublikası Baş Prokurorunun razılığı ilə məsuliyyətə cəlb edilə bilər.