Dağlıq Qarabağla bağlı Ağ evin saytına yerləşdirilən petisiya çərçivəsində Pedaqoji Universitetdə görüş keçirilib

AVCİYA seçkiöncəsi media monitorinqin nəticələrini açıqladı
Seçkidə ciddi qanun pozuntusu qeydə alınmayıb
“Media və seçki prosesi: qanunvericilik və qabaqcıl təcrübə”

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) Barak Obama Administrasiyasına ünvanlanan Dağlıq Qarabağa dair “Ədalətin bərqərar olunması və böyük fəlakətin qarşısının alınması naminə” petisiya çərçivəsində Azərbaycan Pedaqoji Universitetinin tələbələri ilə görüş keçirilib. 

APA-nın məlumatına görə, universitetin rektoru Yusif Məmmədov “Ədalətin bərqərar olunması və böyük fəlakətin qarşısının alınması naminə”  petisiya layihəsinin əhəmiyyətindən, AVCİYA rəhbərliyinin beynəlxalq fəaliyyətindən danışıb. Y. Məmmədov rəhbərlik etdiyi universitetin tələbələrini petisiya layihəsinin səsverməsində fəal olmağa çağırıb. AVCİYA-nın sədri, millət vəkili Elxan Süleymanovbildirib ki, Ağ Evin saytında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı petisiyanı imzalayanların sayı 120 mini keçib: “Sülhsevər xalqları erməni cinayətkarlarını ifşa etməyə çağırıram. Bizim başladığımız layihənin hər bir səsi ədalətə verilən səsdir. Bu petisiyanın əhəmiyyəti misilsizdir. Səs sayı 120 mini keçib, amma bu say milyonlar olmalıdır. Gəncləri bizim haqq səsimizə səs verməyə çağırıram”.

Assosiasiya sədri bildirib ki, səsvermədə 13 yaşdan yuxarı hər kəs iştirak edə bilər. Müraciətə qoşulanlar Obama administrasiyasını AŞPA-nın 2085 saylı qətnaməsini dəstəkləməyə, Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarının azad edilməsinə, bölgədə humanitar fəlakətin qarşısının alınmasına yardım etməyə çağırırlar.

Səsvermə mayın 6-dək davam edəcək.

Qeyd edək ki, Ağ Evin saytında açılmış petisiyaya qoşulmaq üçün https://petitions.whitehouse.gov/petition/establish-justice-and-prevent-great-catastrophe linkinə daxil olmaq lazımdır.

Xatırladaq ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb.

1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi – Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (LaçınKəlbəcərAğdamFüzuliCəbrayılQubadlıZəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏT-in Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, Polşa, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.

1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.

Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPAATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.